Gərginlik! “Əfqanıstan-Tacikistan sərhədi KTMT sərhəddidir” – Kremlin müdaxiləsi...

“Taliblər KTMT sərhədinə yaxınlaşırlar”

“Belə olan halda Rusiya reaksiya verməyə bilməz”


Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Əfqanıstanda terror fəaliyyətinin artması müvafiq tədbirlərin görülməsini tələb edir. Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər aparılır. “Hər şeydən əvvəl, Rusiya və müttəfiqləri Əfqanıstan ərazisindən gələn təhdidlərin təsirsiz hala gətirilməsi üçün çalışacaqlar”- deyə, nazir bildirib.

Şoyqu, həmçinin Rusiyanın Düşənbəyə lazımi dəstəyi verməyə hazır olduğunu vurğulayıb.    



Politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında prosesləri belə şərh etdi: 

“Taliblər Əfqanıstan- Tacikistan sərhədini nəzarət altına alıblar. Yerli sərhədçilər, yəni əfqanlar sıxışdırıldığına görə Tacikistan ərazisinə daxil olmağa məcbur qalırlar. Beləliklə, gərginlik artır. Bildiyiniz kimi, Əfqanıstan- Tacikistan sərhədi KTMT sərhəddidir. Deməli, baş verənlər Kremlin diqqətindən kənarda qala bilməz”.

Onun fikrincə, Moskvanın sözügedən hadisələrə müdaxiləsi realdır:

“Rusiya xarici işlər naziri Sergey Lavrovun, müdafiə naziri Sergey Şoyqunun açıqlamalarında narahatlıq aydın hiss olunur. Çünki Taliblər KTMT sərhədinə yaxınlaşırlar. Belə olan halda Rusiya reaksiya verməyə bilməz.

Vəziyyət idarəolunmaz həddə çatsa, rus qoşunlarının sərhəddə xüsusi əməliyyat aparması qaçılmaz olacaq”.