Böhran artıq qapıdadır

Bayden-Putin görüşünü dünya dördgözlə gözləyir

"ABŞ və Rusiya qarşıdurması beynəlxalq təhlükəsizliyi təhdid edən əsas amillərdəndir"

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Co Bayden arasında görüş bu ilin sonu, yaxud gələn ilin əvvəli baş tuta bilər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, görüşün vaxtı iki prezidentin iş qrafikindən və hansı formatı seçməsindən asılı olacaq. Peskov hələlik konkret tarixin olmadığını söyləyib. “Kommersant” qəzeti isə Bayden və Putin arasında üzbəüz görüşün 2022-ci ilin əvvəllərində keçirilə biləcəyini yazıb. Qəzet iddia edib ki, bu ilin sonlarında iki lider arasında videodanışıqlar gözlənilir. Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan noyabrın 17-də telefonla danışıblar. Yüksək vəzifəli təhlükəsizlik rəsmiləri arasındakı telefon danışıqlarında prezidentlər Co Bayden və Vladimir Putin arasında görüş müzakirə olunub. 

Tərəflər kibertəhlükəsizlik, Ukrayna və Belarus sərhədində miqrant böhranı kimi məsələləri də müzakirə ediblər. Vurğulanıb ki, ilkin təmaslar ən yüksək səviyyədə görüşə hazırlıq məqsədi güdür. Məlumat üçün deyək ki, ABŞ və Rusiya prezidentləri bundan əvvəl iyun ayında, Cenevrədə görüşüblər. Əlavə olaraq qeyd edək ki, Vaşinqton ötən həftə Rusiyanı Ukraynanı təhdid etdiyinə və açıq kosmosda raket sınağı keçirdiyinə görə sərt tənqid etmişdi. Qeyd olunmuşdu ki, bu raket sınağının qəlpələri, göyərtəsində 7 astronavt olan Beynəlxalq Kosmik Stansiya üçün risk yaradıb. Rusiya isə öz növbəsində Vaşinqtonu Qara dənizdə “təxribatlı” gəmi manevrləri keçirməkdə ittiham edib. Lakin gərginliklərə baxmayaraq, iki ölkə arasında, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün Moskvaya səfəri də daxil, yüksək səviyyədə təmaslar saxlanıb. 

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Rusiya və Amerika arasında Şərqi Avropa, xüsusən Ukrayna, Aralıq və Qara dəniz sahəsində fikir ayrılıqları var. Analitik vurğulayıb ki, mövcud qarşıdurmalar iki ölkəni müzakirələrə başlamağa, müəyyən məsələlərdə razılıq əldə etməyə sövq edir: 

“ABŞ və Rusiya qarşıdurması beynəlxalq təhlükəsizliyi təhdid edən əsas amillərdəndir. Ona görə də Amerika və Rusiya bəzi məqamlarda bir-birinin maraqlarını nəzərə almağa çalışır. Qarşılıqlı əməkdaşlıq cəhdlərinin, liderlərin görüş hazırlıqlarının səbəbi budur. Vaşinqton-Moskva arasında müzakirə predmeti olan Belarus və Polşa ilə bağlı da müəyyən razılaşmaya ehtiyac var. Digər məqam isə nüvə silahlarının, ballistik raketlərin yayılmaması, bu sahəyə birgə nəzarətin həyata keçirilməsidir. Bayden-Putin görüşü bir neçə cəhətdən olduqca zəruridir. Böhran artıq qapıdadır. Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsi Ukraynada, Donbasda vəziyyəti gərginləşdirər, hərbi əməliyyatlar yenidən başlaya bilər. Hər iki tərəf bunun fərqindədir. Diplomatların ilkin təmasları liderlərin görüşü öncəsi bəzi detalların razılaşdırılması ilə əlaqədardır. Hesab edirəm ki, problemlərin daha da dərinləşməməsi üçün görüş baş tutacaq və müəyyən razılaşmalar əldə olunacaq”.