Rusiya-NATO Şurasının iclası! -  Ukrayna “qıfılına" açar salınır? – ŞƏRH 

“Bu, hərbi toqquşmanın miqyasını Avropanın içərilərinə doğru genişlədə bilər” 


Belçikanın paytaxtı Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirilib. NATO-Rusiya Şurası 2019-cu ildən bəri ilk dəfə Rusiyanın Ukrayna sərhəddindəki silah yığınağından sonra yaranmış gərgin vəziyyət və Avropanın təhlükəsizliyi kimi məsələləri müzakirə etmək üçün toplaşıb.Toplantıya NATO-nun Baş katibi Yens Stoltenberq sədrlik edib.İclasda NATO-Rusiya Şurasında 100 minə yaxın rus əsgərinin Ukrayna sərhədinə yerləşdirilməsindən sonra yaranan gərginlik,Rusiyanın ABŞ və NATO-ya təklif etdiyi Avropada təhlükəsizlik zəmanətləri kimi məsələlər müzakirə edilib.

Jurnalist,siyasi şərhçi Aqşin Kərimov NATO-Rusiya danışıqlarını “Sherg.az”a şərh edərkən bildirib ki, hazırda onlar arasında sövdələşmə mümkündür:

“Tərəflər bir-birinin bəlli bir sərhədə qədər ekspansiyasına göz yuma bilər. Bu versiyadan yola çıxsaq, deyə bilərik ki, hansısa ölkə qarşıdurmanının poliqonuna çevriləcək. Çünki köhnə ənənələr bazasında formaca yeni, məzmunca “qədimi” şərtlər hazırda danışıqlar masasının üzərindədir. Danışıqların bu formula əsaslanması, Rusiya ilə NATO-nu öz hədəflərindən geri döndərmir”. 

A.Kərimov NATO-nun strategiyasına diqqət çəkib:

 “2030-cu ilə qədər bu strategiya güclü qalıb,qlobal təsir imkanlarını artırmaqdan ibarət idi.NATO üçün yeni təsir alətlərinin yaranması, gücünün böyüməsi quruma yeni üzvlərin qəbulundan keçir. Üzvlüyə dair çərçivənin Rusiyanın sərhədlərinə qədər gəlib çıxması Rusiyanı narahat edir, daha doğrusu qəzəbləndirir”.

 Siyasi şərhçinin sözlərinə görə, Ukraynanın NATO-ya üzv olması Rusiyanın gücünün və təsiretmə imkanının azalmasına gətirib çıxara bilər:

“Bu səbəbdən  Moskva bütün təhdid potensialını işə salır ki, Ukrayna, eləcə də Gürcüstan NATO-ya üzv olmasın. Hazırda proqnoza dair bir neçə versiya var. Ya Ukrayna NATO-ya üzv olacaq, Moskvanın hərbi müdaxiləsi ilə üzləşəcək. Ya da Ukrayna NATO-ya üzv olmayacaq, amma yenə də Rusiya öz ağırlığını onun üzərinə salacaq. 

Digər tərəfdən Ukrayna NATO-ya üzv olmayacaq, əvəzində isə Rusiya NATO-ya hansısa coğrafiyada güzəştə gedəcək və Moskva digər ərazini öz iradəsinə tabe etdirəcək. Düşünürəm ki, sonuncu versiya daha inandırıcı görünür. Çünki Ukrayna mövzusu elə bir qıfıldır ki, ona tərəflərdən biri açar salmağa çalışsa, bu, hərbi toqquşmanın miqyasını Avropanın içərilərinə doğru genişlədə bilər”. 

A.Kərimovun qənaətincə, NATO-nun Rusiyaya münasibətdə çəkindiyi amillərdən biri də Rusiyanın raket kompleksləridir:

“Rusiyanın Avropa sərhədlərinə yerləşdirilmiş raketləri mövcuddur. Ancaq Qərbin sanksiya hədələri Rusiyanı çəkindirsə də, qorxutmur. Görünən odur ki, Kreml keçən illər ərzində həmin sanksiyalara qarşı güclü immunitet formalaşdırıb”.