Natiq Cəfərli: "Türkiyə və Azərbaycan dost Gürcüstanda sabitliyin və inkişafın, sülhün olmasını ən çox istəyən ölkələrdir"

"Türkiyə Gürcüstanın təhlükəsizlik “çətiri” ola bilər"


Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü planlaşdırılır. Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili dünən Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. Nazir yaxın vaxtlarda Gürcüstan, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyinə ümidvar olduğunu bildirib. Onun fikrincə, belə bir görüş üç ölkə arasındakı münasibətləri dərinləşdirməyə imkan verəcək. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də deyib ki, Gürcüstan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına böyük əhəmiyyət verir. Prezident İlham Əliyev də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında söyləyib ki, Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər: "Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır". 

ReAL Partiyasının sədri Natiq Cəfərli "Sherg.az"a bildirib ki, Azərbaycan Cənubi Qafqazda yönünü açıq və sənədlərlə bəlli edən yeganə ölkədir. Partiya rəhbəri qeyd edib ki, Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik, hərbi-siyasi, iqtisadi inteqrasiya, məsələlərə və problemlərə birgə baxış siyasəti həyata keçirir:
 "Türkiyə həm də NATO ölkəsidir və bunu unutmamaq lazımdır. Gürcüstan hələ də Qərbyönümlü ölkədir, indi Qərblə problemli dövrüdür, amma iç-içə olduğu dövrdə belə, 2008-də Qərb Gürcüstanı qorumadı, qoruya bilmədi. Gürcüstan indi təhlükəsizlik “çətiri” axtarır və “çətir” dəqiq Rusiya ola bilməz. Deməli, Gürcüstan üçün də Türkiyə eyni rolu oynaya bilər. Həm də ona görə ki, Gürcüstanın ən böyük ticarət tərəfdaşı, ən çox investisiya qoyan ölkələrdən biri məhz Türkiyədir. 2024-cü ildə Gürcüstanın Türkiyə ilə ticarət dövriyyəsi 2,5 mlrd. dollar olub. Bu da açıq-ara 1-ci yer deməkdir. Əgər Azərbaycan-Gürcüstan ticarət və investisiya əlaqələrini də Türkiyə ilə münasibətlərin üzərinə gəlsək, Türkiyə-Azərbaycan tandemi Gürcüstanın 1 nömrəli ticarət tərəfdaşı, investoru, vergi ödəyiciləridir. Yəni təbii olaraq, Türkiyə və Azərbaycan dost Gürcüstanda sabitliyin və inkişafın, sülhün olmasını ən çox istəyən ölkələrdir. Dolayısı ilə, Türkiyə Gürcüstanın təhlükəsizlik “çətiri” ola bilər, bunun üçün orqanik şərait var. Ermənistan dərindən düşünüb özləri üçün yazdıqları və buna inandıqları tarixi yaddaşa söykənmədən reallıqları görə bilsə, bu ölkə üçün də təhlükəsizlik “çətiri” Türkiyə ola bilər, hətta olacaq da. Sadəcə, bunu nə qədər tez anlasalar yaxşı olar, həm özləri “çabalamazlar”, həm də Cənubi Qafqaza dayanıqlı sülh, iqtisadi rifah gələr. Bu həm də elə Qərbin istəyinə uyğundur, yəni Ermənistan Qərbə ancaq Türkiyə üzərindən inteqrasiya edə bilər".