Prezident İlham Əliyevin sülh quruculuğu yüksək qiymətləndirildi - ŞƏRH

“Zayed İnsan Qardaşlığı Mükafatı” təsadüf deyil

Bu gün Cənubi Qafqazda formalaşmış yeni siyasi reallıqların mərkəzində dayanan əsas amil Prezident İlham Əliyevin ardıcıl, prinsipial və uzaqgörən siyasətidir. Onun rəhbərliyi ilə Azərbaycan təkcə uzun illər bölgəni gərginlikdə saxlayan Ermənistan-Azərbaycan münaqişəsinə son qoymadı, eyni zamanda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün fundamental əsaslar yaratdı.

Beynəlxalq hüquqa söykənən bu siyasət tarixi ədalətin bərpasını təmin etdi və regional sülh prosesinə mühüm töhfə verdi. Məhz bu baxımdan Prezident İlham Əliyevin sülh quruculuğu sahəsindəki fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir. 

Bu yüksək qiymətləndirmənin bariz nümunəsi olaraq Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görməsi xüsusi əhəmiyyət daşıyır. Bu mükafat qlobal sülhün irəlilədilməsinə verilən mühüm töhfə kimi dəyərləndirilir. 

Qeyd edək ki, mükafat, fevralın 4-də Əbu-Dabidə keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq. 

Millət vəkili, Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Sherg.az-a prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsinin əlamətdar hadisə olduğunu söyləyib: 

"Bu, Prezident İlham Əliyevin təkcə Ermənistan-Azərbaycan münasibətləri kontekstində deyil, bütövlükdə Cənubi Qafqaz bölgəsində və hətta bu regionun hüdudlarından kənarda sülh prosesinə verdiyi töhfənin yüksək səviyyədə dəyərləndirilməsi deməkdir. Eyni zamanda bu mükafat sülhün bərqərar olması üçün göstərilən ardıcıl və prinsipial səylərin beynəlxalq miqyasda tanınmasının göstəricisidir. Belə bir mükafatın Prezidentə verilməsi xüsusilə Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıyır. Çünki Prezident İkinci Dünya müharibəsindən sonra bölgədə analoqu olmayan bir siyasi prosesin baş verməsinə səbəb olan siyasət həyata keçirdi. Nəticə etibarilə, çox böyük tarixi ədalətin bərpa olunmasına gətirib çıxaran yeni siyasi reallıq formalaşdı. Bu siyasi reallıq 30 ildən artıq müddət ərzində bütün Cənubi Qafqazı gərginlik içində saxlayan Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Həmin münaqişə zaman-zaman hərbi toqquşmalarla müşayiət olundu.

Sözün əsl mənasında bu münaqişə, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqlarımızı və bölgəmizi inkişafdan xeyli geri saldı. İnsan tələfatları, iqtisadi və humanitar böhranlar, ciddi siyasi və sosial təlatümlər məhz bu münaqişənin nəticəsi oldu. Xüsusilə Ermənistanın Azərbaycana qarşı apardığı aqressiv siyasət bu fəsadları daha da dərinləşdirdi. Ölkə ərazisinin beşdə birinin işğal altında qalması, bir milyondan çox qaçqın və məcburi köçkünün didərgin düşməsi böyük humanitar fəlakətə səbəb oldu".

Deputat müxtəlif qanunlar və fərqli formatlar vasitəsilə bir vaxtlar Azərbaycanın üzərinə təzyiq göstərən beynəlxalq qüvvələrin mövcud olduğunu da qeyd edib:

"Hətta demək olar ki, müəyyən hallarda Güclər Koalisiyası Azərbaycanın bu status-kvo ilə barışmasını istədi. Azərbaycan məcbur edilməyə çalışılırdı ki, işğal faktını qəbul etsin və bu vəziyyəti gələcək nəsillərə ötürsün. Lakin Prezidentin qətiyyəti və prinsipial mövqeyi bu ssenarinin reallaşmasına imkan vermədi. Bir çox vacib və kritik mərhələlərdə atılan siyasi addımlar Azərbaycanın mövqeyini daha da gücləndirdi. Ardıcıl şəkildə torpaqların işğaldan azad olunmasına şərait yaradan siyasət həyata keçirildi. Bu mövqe Prezidentin 2003-cü ildən etibarən apardığı siyasətin əsas xəttini təşkil edirdi. Bu, barışmazlığın və prinsipiallığın açıq ifadəsi idi. Prezident bütün hallarda Azərbaycanın haqq səsini beynəlxalq hüququn təməl prinsiplərinə söykənərək ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırmağa nail oldu. Azərbaycan dəfələrlə bəyan etdi ki, heç vaxt müharibə istəməyib. Məsələnin sülh danışıqları yolu ilə həll olunmasının mümkün olduğu vurğulandı. Bunun üçün bütün resursların mövcud olduğu bildirildi. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməli idi. Lakin əks proseslər baş verdi. 44 günlük Vətən müharibəsinə qədər 2016-cı ilin aprel döyüşləri yaşandı. Ermənistan yenidən hərbi təxribatlara əl atdı və yeni ərazilər ələ keçirməyə cəhd göstərdi. Azərbaycan Ordusunun 4 gün ərzində əldə etdiyi parlaq qələbə nəticəsində düşmən geri oturduldu. Bununla yanaşı, strateji yüksəkliklər işğaldan azad edildi".

Parlamentari sonrakı mərhələlərdə həyata keçirilən əməliyyatlar barəsində də danışıb:

"2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı həyata keçirildi. Bu əməliyyat nəticəsində Ermənistanın təxribatçı hərbi birləşmələri geri çəkilməyə məcbur edildi. Bir sıra mühüm strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi.

2020-ci ilin iyul ayında Tovuz hadisələri baş verdi. Ermənistan növbəti dəfə təxribat törədərək Azərbaycanın infrastruktur layihələrini hədəfə aldı. Azərbaycan Ordusu bu hücumların qarşısını qətiyyətlə aldı və düşmən qüvvələr zərərsizləşdirildi.

Nəhayət, 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsi başladı. Ermənistan rəhbərliyinin absurd bəyanatları və yeni ərazilər işğal etmək niyyəti bu müharibəni qaçılmaz etdi. Müharibə nəticəsində Azərbaycan tarixi qələbə qazandı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Müharibədən sonra Qarabağ bölgəsində müəyyən ərazilər separatçıların nəzarətində qalsa da, Azərbaycan ardıcıl şəkildə sülh gündəliyini irəli apardı. Beş əsas sülh prinsipi təqdim edildi və Ermənistan danışıqlar masasına dəvət olundu. Azərbaycan humanist mövqe nümayiş etdirərək bir sıra mühüm qərarlar qəbul etdi. Lakin Ermənistan yenə də manipulyasiyalara əl atdı və qanunsuz silahlı birləşmələr vasitəsilə vəziyyəti gərginləşdirməyə çalışdı. Buna cavab olaraq, Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində antiterror tədbirləri həyata keçirdi. Nəticədə dövlət suverenliyi tam bərpa olundu".

Millət vəkili Azərbaycanın ərazi bütövlüyünə bərpa etməsinin son 80 ildə dünyada analoqu olmayan hadisə olduğunu vurğulayıb: 

"Azərbaycan öz gücü hesabına torpaqlarını tam azad etdi və separatçılığa birdəfəlik son qoydu. Bu gün dünyanın bir çox güclü dövlətləri separatçılıq problemləri ilə üzləşdiyi halda, Azərbaycan bu problemi qəti şəkildə həll etdi. Qısa müddət ərzində genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Yeni infrastruktur layihələri həyata keçirildi, yaşıl enerji təşəbbüsləri reallaşdırıldı, mina təmizləmə işləri aparıldı və təhlükəsiz mühit formalaşdırıldı. Bu siyasi reallıq məntiqi nəticə ilə tamamlandı. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə iki ölkə arasında mühüm razılaşmalar əldə olundu. ATƏT-in Minsk qrupunun buraxılması, 17 maddəlik sülh sənədinin razılaşdırılması və 907-ci düzəliş aktının dayandırılması bu prosesin əsas nəticələri oldu".

A.Allahverənov bütün bunların Azərbaycanın uğurlu diplomatiyasının və Prezidentin sülh quruculuğu sahəsində apardığı siyasətin ardıcıl nəticəsi olduğunu deyib: 

"Məhz bu səyləri yüksək qiymətləndirən Şeyx Zayed Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali mükafatla təltif olunması barədə qərar qəbul etdi. Bu qərar beynəlxalq ictimaiyyətin Prezidentin həyata keçirdiyi siyasətə verdiyi yüksək qiymətin bariz nümunəsidir".