Qazaxıstan böhrandan hələ tam çıxmayıb

Tokayev iqtisadi qərarlarla narazı kütləni sakitləşdirməyə çalışır

Ancaq bəzi məsələləri həddindən artıq Rusiyanın diktəsi altında gerçəkləşdirmək istəyi təhlükəlidir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar ayının 11-də yeni hökumətin tərkibini təsdiq edib.
 Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb. 
Sərəncama əsasən, Alixan Smailov Qazaxıstanın Baş naziri təyin edilib.
Roman Sklyar Baş nazirin birinci müavini, Eralı Tuqjanov, Muxtar Tleuberdi və Baxıt Sultanov Baş nazirin müavinləri vəzifəsini tutublar.
Bolat Akçulakov isə energetika naziri vəzifəsində Maqzum Mirzaqaliyevi əvəzləyib.
Bununla belə, Baş nazirin müavini – Xarici işlər naziri Muxtar Tleuberdi, Müdafiə naziri Murat Bektanov və Daxili işlər naziri Erlan Turqumbayev öz vəzifələrində qalıb.

Eyni zamanda Qazaxıstanda nazirlər, bölgə rəhbərləri və millət vəkillərinin əməkhaqqı artımı 5 il müddətinə dondurulub.
Bu barədə məlumatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə parlamentində çıxışı zamanı bildirib.
Tokayev sözügedən şəxslərin maaşlarının kifayət qədər yüksək olduğunu qeyd edib.
Prezident Milli Banka təngənin sabitliyini təmin etməyi və ölkədən əsassız çıxarılan vəsaitlərin yoxlanışını həyata keçirməyi tapşırıb.

Ölkədə inflyasiya səviyyəsinə nəzarət etmək üçün yeni kompleks tədbirlər hazırlanacaq.
Bununla yanaşı, Tokayev respublikanın xarici investorlar qarşısında bütün öhdəliklərini yerinə yetirəcəyini vəd edib. 
Prezident həmçinin hökumətə ictimai sosial fondun yaradılması ilə bağlı göstəriş verib.
O qeyd edib ki, Qazaxıstanda iki ay ərzində əhalinin gəlirlərinin artırılması üzrə proqram qəbul ediləcək.

Tokayevin son günlərdə aldığı qərarlar barədə “Şərq”ə danışan politoloq Faiq Ələkbərli hökumətin kadr sistemini bütövlükdə dəyişdirməyin mümkün olmadığını bildirib.

“Qazaxıstanda hökumət dəyişikliyindən sonra yeni baş nazir təyin edilməsi, bir neçə nazirin yerində saxlanılması tədricən dəyişiklik edilməsinə görədir. Bütövlükdə kadr bazasını dəyişdirmək Qazaxıstan üçün gələcəkdə problemə yol aça bilər. Bir neçə nazir, xüsusilə də baş nazir dəyişildi. Yerdə qalanlar da özünü doğrultduğuna görə yox, daha çox növbəti bir mərhələyə keçid üçün lazımdı. Ümumiyyətlə, Tokayevin atdığı bəzi addımlar sadəcə ölkədaxili sabitliyin qorunmasına da yönəlmir, eyni zamanda digər dövlətlərin də müəyyən mənada Qazaxıstana olan təzyiqinin qarşısının alınması baxımından da önəmlidir. 
Tokayev Nazarbayevə nisbətdə çox da güclü siyasi-taktiki gedişlər etmək iqtidarında deyil. Ona görə də çalışır ki, mümkün olduğu qədər Nazarbayevdən qalan siyasəti balanslaşdırılmış şəkildə davam etdirsin. Bu mövzuda çox uğurlu olmasa da nisbətən bacara bilir”. 
Tokayevin sosial-iqtisadi dəyişiklərlə bağlı veriyi qərarı dəyərləndirən politoloq qeyd edib ki, Qazaxıstan prezidenti bu yolla narazı qalan kütlələri sakitləşdirmək istəyir:
 “Tokayev parlamentdəki çıxışında müəyyən məsələlərə toxunmuşdu. Orada əsasən xalqla nələri isə bölüşdürmək, paylaşmaq məsələləri var idi. Əvvəlki illərə nisbətən Qazaxıstanda iqtisadi cəhətdən, əhalini təmin etmək cəhətdən son illərdə bir az geriləmələr var. Bu, xüsusilə, Rusiyanın iqtisadi cəhətdən geriləməsi ilə bağlıdır. Tokayev son illərdə narazı qalan kütlələri yenidən sakitləşdirmək, xalqın rəğbətini qazanmaq üçün bu addımları atır. Ümid edirik ki, bu və digər məsələlərlə bağlı addımları hesablayıb atırlar. Çünki bu ancaq xalqa quru vədlər verməklə bağlı deyil. Ola bilər ki, Qazaxıstanda müəyyən kütlənin arxasında Rusiya və ya ABŞ dayanır. Ancaq atılan bu addımlar Qazaxıstanda növbəti problemə yol açmadı. Əgər gələcəkdə açarsa, şübhəsiz ki, burada daha çox maraqlı olan, öz mövqeyini postsovet ölkələrində gücləndirmək istəyən Rusiya bundan da istifadə etməyə çalışacaqdır. 
Bu mənada iqtisadi ekspertlərlə, xüsusilə, türk dövlətlərinin ekspertləri ilə də müəyyən müzakirələrin aparılması Qazaxıstanın xeyrinə olardı. Qazaxıstan hökumətinin Rusiyanın təhdidindən müəyyən dərəcədə çəkinməsi başadüşüləndir. Ancaq bəzi məsələləri həddindən artıq Rusiyanın diktəsi altında gerçəkləşdirmək istəyi təhlükəlidir. Qazaxıstanın yenidən dirçəlməsi üçün təkcə Rusiyayönümlü deyil, Türk Dövlətləri Təşkilatının üzvləri, xüsusən Türkiyə ilə də müəyyən danışıqların aparılması Qazaxıstanın xeyrinə olar”.
 
Sənan İsmayıl