Qərb sürətlə Ukraynanı silahlandırır

Kreml isə hədə-qorxu ilə Kiyevi çəkindirməyə çalışır

   Rusiya Ukraynanı hədələyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Kiyev administrasiyası İraq, Suriya və Liviya... - ABŞ-ın işğal etdiyi digər ölkələrin taleyini xatırlamalıdır:

"Kin və təkəbbürlə dünyanın hər tərəfinə daxil olaraq ölüm və xaos yayırlar. Kiyev rejiminin idarəediciləri bu ifrat eybəcərliyin cinayət ortağı olmaq istəsələr belə, bu rolu kuratorların onlara verməyəcəyini anlamalıdırlar. Ukrayna kontekstində Hollivud qaydalarına uyğun lentə alınacaq növbəti filmdə "istehsalat qəzası" terminindən istifadə ediləcək".

Politoloq Rusif Məmmədsoy "Şərq"ə açıqlamasında bildirib ki, Ukrayna ilə Rusiya arasındakı proseslər həqiqətən də ciddi bir gərginliyə səbəb olub: 

"Amma hər hansı bir döyüş fazasına keçəcəyini düşünmürəm. Rusiyanın açıqlamaları geri addım atmamaq üçün müəyyən alətlərdən biridir. Rusiya Prezidenti Vladimir Putin növbəti prezident seçkilərinə hazırlaşır. 

O, seçkilərə gedərkən əlində nəyi bayraq edirdi? İşğal, imperiya, keçmiş SSRİ, yəni bu istiqamətdə gedən təbliğatın qarşısında artıq real bir güc dayanıb. Bu real qüvvə də əslində gecikmiş bir addımdır. Anqlosaks ittifaqı, xüsusilə Böyük Britaniya və Amerika Birləşmiş Ştatları bu məsələlərdə öncədən 2014-cü il, həmçinin 2008-ci ildə qəti mövqe ortaya qoymalı idi. Eyni zamanda Rusiya da bu cür işğal siyasətini davam etdirməsin, ritorikasını sərt şəkildə bəyan eləməsin".

Politoloq qeyd edib ki, NATO qüvvələrinin 1997-ci il sənədinə qayıtması ilə bağlı açıq şəkildə Rusiya təhdid edərək şərtlər irəli sürür:

"Eyni zamanda keçmiş postsovet məkanına hər hansı bir hərbi kontingent toplamamalıdır. Putinin "siz təsəvvür edin ki, NATO əsgərləri bizim qonşuluğumuzdadır. Biz onlarla döyüşürük" kimi bir açıqlaması olub. Əslində bu, absurddur. Məsələn, Azərbaycan Gürcüstana deyə bilərmi ki, NATO-ya üzv olma? Yaxud da Gürcüstan Azərbaycana deyə bilərmi ki, sən hansısa qoşulmama hərəkatına liderlik etmə? Bu mənada hər hansı dövlətlərə müəyyən şərtlər diktə etmək doğru deyil. Qərbin də strateji səhvi var idi ki, Rusiyanın bu qədər əl-qol açmasına imkan verib. İndi isə faktiki şəkildə NATO Rusiyanın bu tələblərini geri çevirib. Eyni zamanda Ukrayna dayanmadan silahlanır. Rusiya heç də bu proseslərdən geri addım atmamaq naminə açıqlamalar verib. Kreml fikirləşir ki, müəyyən mərhələdən sonra artıq qərb tərəfi bu məsələləri yaddan çıxaracaq. Rusiyanın yürütdüyü maksimalist siyasət əslində onu tilova salır. Əgər Rusiya geri çəkiləcəksə, bu artıq onun reputasiyasına, V.Putinin şəxsi nüfuzuna çox ciddi zərər verəcək. 

Qərb tərəfi də anlayacaq ki, Putin qarşısında real qüvvə olduqda hesablaşır. Əslində Rusiya üçün bunun bir sınaq olduğunu düşünsək, sona kimi davam etsə, onun  özü üçün də itkisiz olmayacaq. Ümumiyyətlə, rəsmi Moskva atacağı hər hansı addımdan geri çəkilsə də, yaxud müdaxilə edib, digər əraziləri işğal etsə belə, yenə də məğlub tərəf olacaq. Çünki Boris Consonun da Kiyevə bir səfəri baş tutub. Orada da bir sıra açıqlamalar olub. O qeyd edib ki, əgər Rusiya hərbi müdaxilə etsə, onda rus əsgərlərinin anaları oğullarının tabutlarını gözləsinlər. Bu, çox ciddi bir açıqlamadır. Rusiyadakı cəmiyyətə də bir mesajdır. Daxildəki qüvvələri alovlandırmağa çalışır. Böyük Britaniyanın Ukraynaya verdiyi silahlardan birinin alternativi heç Rusiya hərbi arsenalında da yoxdur. Bu aspektdən də Rusiya üçün acı nəticələr olacaq". 

Politoloq Turab Rzayev isə bildirib ki, Rusiya Ukraynanın qorxaraq geri çəkiləcəyini və onun şərtini qəbul edəcəyini gözləyir:

"Zelenski isə Rusiyanın heç bir şəhərində görüşə hələ ki razılıq verməyib. Biz Britaniya Baş nazirinin Kiyevə açıq dəstəyini gördük. Nazir çıxışlarında Krımın adını çəkir. Bununla təkcə Donbass deyil, Krımın da Ukraynaya qaytarılmalı olduğunu deyir. Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniya, Kanadanın Kiyevə xüsusi maliyyə ayırdığını görürük. 

Növbəti il üçün Ukraynanın büdcəsi 40 milyarddan çox təsdiq olunub. 12 milyardı hərbi büdcə üçündür. Bu artıq getdikcə Rusiya ilə arasındakı hərbi disbalansı azaltmağa kömək edir.

 Eyni zamanda Böyük Britaniya bir neçə milyardlıq da yardım edib. Onun böyük bir hissəsi yenə hərb və ordunun təchizatına ayrılıb. ABŞ, Böyük Britaniya və rəsmi Ottava sürətlə Ukraynanı silahlandırmağa davam edir. 

Rəsmi Kiyevin güclənməsi gələcəkdə Rusiyaya təhlükə yarada bilər. Ona görə də digər variantları önə sürərək İraqın, Suriyanın, Liviyanın taleyini xatırladır. Ukraynanın bölünüb, zərər görəcəyini diqqətə çatdırır. Kreml artıq sülh və ya barışıq təklif etməklə Ukraynanı nəyəsə razı salmağın mümkün olmayacağını anlayır. Ona görə də yenidən hərbi ritorikaya keçir. Təzyiq, hədə-qorxu ilə Zelenskini məcbur edərək hər hansı bir atəşkəs və ya müvəqqəti barışıq imzasına nail olmağa çalışır. 

Mülayim ritorika üçün çox gecdir. Rusiyanın yenidən sərt şəkildə Zelenskini sülhə və ya danışıqlara məcbur edəcəyini düşünürəm".