Gözlər İstanbulda! – “Nə Ukrayna güzəştə gedəcək, nə də Rusiya" 

“Problem ana xəttini təşkil edən məsələlərdə heç bir razılaşma mümkün deyil"

“Tərəflər hazırda ancaq ikinci dərəcəli humanitar məsələlərlə bağlı razılığa gələ bilərlər”


İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü başlayıb. Görüş qapalı keçirilir. Xatırladaq ki,Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında martın 10-da Antalyada keçirilən diplomatik forum çərçivəsində də görüş olub. 

Hərbi-siyasi ekspert Həşim Səhrablı görüşü "sherg.az" a şərh edib: 

"Hazırda burda münaqişənin tamamilə həll edilməsinə dair vacib qərarların qəbul edilməsi gözlənilən deyil. Çünki tərəflər hələ də əsas prinsipial məsələlərdə ortaq cəhətə gələ bilməyiblər. Humanitar sahələrdə, sivil ölümləri və s. halların əngəllənməsi kimi məsələlərdə razılaşmalar ola bilər. Problem ana xəttini təşkil edən məsələlərdə heç bir razılaşma mümkün deyil". 

Ekspert Ukraynanın NATO-ya üzvlük məsələsinə diqqət çəkib: 

"Bir neçə gündür, Ukraynanın NATO-ya üzvlük məsələsindən imtina etməyə hazır olduğuna dair xəbərlər yayılır. Onsuzda bu Ukrayna üçün ciddi bir məsələ deyil. O müharibənin dayanması üçün bundan imtina edə bilər. Amma əsas prinsipial məsələlərdə, məsəl üçün, ərazi bütövlüyü məsələsində nə Ukrayna, nə də Rusiya güzəştə gedəcək".

 Ekspertin sözlərinə görə, indi Ukraynada iqtidar dəyişikliyi artıq Rusiyanın da gündəmindən düşüb və bu məsələ də mümkünsüz görünür: 

“Belə olduqda tərəflər hazırda ancaq ikinci dərəcəli humanitar məsələlərlə bağlı razılığa gələ bilərlər”