Rusiyada silah-sursat anbarı raketlə vurulub? - FOTO

Rusiyanın Belqorod vilayətinin Krasnıy Oktyabr kəndi yaxınlığındakı partlayışın səbəbi silah-sursat anbarında yanğın olub.
Bu barədə martın 30-da regionun rəhbəri Vyaçeslav Qladkov məlumat verib.
“Təsdiqlənməmiş məlumata görə, silah-sursat anbarında yanğın olub. Hazırda vəziyyət nəzarət altındadır. Dəyişiklik olarsa, məlumatı mümkün qədər tez sizə çatdıracağam”, - deyə o, “Telegram”da yazıb.

Qubernator qeyd edib ki, insident nəticəsində mülki əhali arasında ölən və xəsarət alan olmayıb.

Bundan əvvəl bildirilib ki, Krasnıy Oktyabr kəndi yaxınlığında baş verən partlayış nəticəsində dörd hərbçi yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Krasnıy Oktyabr kəndi Ukrayna sərhədinə yaxın ərazidə yerləşir. Ukraynaya aid sosial şəbəkə hesablarında silah-sursat anbarının “Toçka-U” raket kompleksi ilə vurulduğu bildirilir.