Almaniya Bundestaqının spikeri Berbel Bas Kiyevə səfərindən sonra Ukraynanın Avropa İttifaqına üzvlük prosesinin sürətləndirilməsi təklifi irəli sürüb.
O, üzvlüklə bağlı “perspektiv işlərin görülə bilməsi üçün” prosedurları sürətləndirməyə səsləyib.
“Ukrayna üçün bu, çox, çox vacibdir: onların yol xəritəsi, qrafik əldə etməsi baxımından da bu çox önəmlidir. Ümid edirəm , bu, onilliklərlə davam etməyəcək”, – deyə Bas vurğulayıb.
O, bu məsələ ilə bağlı optimist düşündüyünü və hər kəsin Ukraynanın Aİ-yə qəbul olunmasını istədiyi üçün indi hər şeyin sürətləndiriləcəyinə inandığını diqqətə çatdırıb.
Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışan politoloq Həsrət Rüstəmov “Sherg.az"a açıqlamasında bildirib ki, Aİ digər ittifaqlardan fərqli olaraq, sırf iqtisadi maraqlar üzərində qurulub. Ona görə də, üzvlüyə qəbul prosesi asan başa gəlmir:
"İndiki situasiyada Ukraynanın Rusiyanın aqressiyası qarşısında qorunması Avropa, ABŞ üçün prioritet məsələdir. Belə bir durumda sürətli qəbul prosesindən söhbət gedə bilər. Rusiyanı ciddi faktla üz-üzə qoymaq məqsədilə qərar verilməsi mümkündür.
Lakin sonradan çoxlu suallar yaranacaq. Rusiya onda işğal etdiyi ərazilərdən çıxacaqmı? Yoxsa Aİ Rusiyanı müharibəyə çağıracaq? Siyasi addım atmaları gözləniləndir. İstənilən halda Ukrayna müharibə bitən kimi Aİ-yə üzv kimi seçiləcək".