Liderlər görüşəcəklər! – Suriya, 3+3 formatı və Azərbaycanın maraqları...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putin və iranlı həmkarları İbrahim Rəisi iyulun 19-da İranın paytaxtı Tehranda keçiriləcək üçtərəfli sammitdə görüşəcəklər. Gündəlikdə duran əsas məsələnin Suriya olacağı, Astana formatında keçiriləcək üçtərəfli sammit çərçivəsində Ərdoğanın Putin və Rəisi ilə təkbətək görüşləri də planlaşdırılır. Türkiyə, Rusiya və İranın qarant ölkə olaraq, keçirəcəkləri danışıqlarda Suriyada son vəziyyət, yeni konstitusiya, siyasi həll prosesi, terrorla mübarizə, PKK/YPG terror təşkilatının təqib atəşləri və qaçqınların geri qaytarılması mövzuları müzakirə ediləcək. Ərdoğan və Putin arasında bir müddətdir gündəmdə olan, Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatının da müzakirə ediləcəyi gözlənilir. Ərdoğan iyulun 11-də Putinlə telefon danışığında Suriyada transsərhəd mexanizminin genişləndirilməsinə önəm verdiyini diqqətə çatdırıb. 

Danışıqlarda enerji və ərzaq böhranı ilə yanaşı, Rusiya-Ukrayna müharibəsinin də müzakirə olunacağı gözlənilir. Sammit həmçinin Rəisinin prezident seçildikdən sonra iştirak edəcəyi ilk görüş olacaq. Üç ölkə arasında Astana formatında sonuncu görüş 2020-ci il iyulun 1-də pandemiya ilə əlaqədar videokonfrans üsulu ilə keçirilib. Sonuncu üz-üzə sammit 16 sentyabr 2019-cu ildə Çankaya köşkündə baş tutub.

Görüşü “Sherg.az”a şərh edən politoloq Natiq Miri bildirib ki, görüşün İranda baş tutması və V.Putinin Tehrana səfər etməsi ilk növbədə Rusiyanın geosiyasi maraqlarına xidmət edir:

"Rusiya dövləti və onun prezidenti bu gün dünya dövlətlərindən uzaqlaşdırılmış vəziyyətdədir. Ona görə də regionun Türkiyə və İran kimi böyük dövlət başçıları ilə İranda görüşün keçirilməsi Rusiyanın heç də təcrid olunmadığı görüntüsünü yaratmağa xidmət edir. Suriya məsələsi əsas müzakirə predmetidir. Türkiyənin də əsas marağı öz ordusunun Suriyanın şimalında aparmaq istədiyi dördüncü hərbi əməliyyatla bağlıdır. İran və Rusiyanın iradəsindən asılı olmayaraq, qərar qəbul olunub, yerinə yetiriləcək. Sadəcə qardaş ölkə çalışır ki, hər hansı bir ciddi itkilər olmadan təhlükəsizlik məsələləri həll olunsun. Bildiyimiz kimi,  dördüncü əməliyyatın əsas hədəfi Fərat çayının həm şərq, həm də qərb hissəsində yerləşən bəzi coğrafi mövqelərin Türkiyə ordusunun nəzarətinə keçməsi ilə əlaqəlidir. Çünki həmin bölgələrdə yerləşən PKK və onun Suriya qolu kimi terrorçu ünsürlər bu mövqelərdən istifadə edib, zaman-zaman Türkiyə, Suriya ordusuna və orada yaşayan suriyalı mülki vətəndaşlara qarşı terror hadisələri törədirlər.  Bütün məsələlər həllini tapdıqdan sonra Türkiyə 30 kilometr Suriyanın içərilərinə doğru təhlükəsizlik bölgəsi yaratmaq istəyir. Bununla da bölgəyə yenidən 1 milyona yaxın Türkiyədə yerləşən suriyalının qaytarılmasını hədəfləyəcək. Ona görə də bu məsələdə Tükiyəyə əngəl ola biləcək bir neçə amillərdən biri ABŞ, onun müdafiə etdiyi PKK və Suriya qoludur. Digər ünsürlər Bəşər Əsəd, onu dəstəkləyən Suriya və İran rejimidir. İranın da Suriyada dəstəklədiyi konkret terror təşkilatları var ki, onlar da Rusiya ordusu ilə çiyin-çiyinə B. Əsəd rejimini müzakirə edirlər. Ona görə də Türkiyə  bu əməliyyatlar çərçivəsində, hazırda birliyin qarşısını almamaq üçün ən azından müəyyən siyasi danışıqlara getmək istəyindədir. Əgər buna razılıq verməsələr, Türkiyəni dayandıracaq geosiyasi amil olmayacaq. Qardaş ölkə əməliyyatı aparacaq. Bu məsələdə müəyyən qədər geosiyasi bazarlıqlar gedəcək. Əslində Türkiyə prezidentinin İrana səfərinin əsas məqsədlərindən biri də məhz bu anlaşmadır".
N.Mirinin qənaətincə, digər bir əsas məsələ isə Cənubi Qafqazda, xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra yaranan reallıqlar konktekstində 3+3 regional əməkdaşlıq platformasıdır:
"Bu format işlək mexanizmə çevrilmək üçün yenidən aktivləşdirilir. Belə bir görüşün qısa zaman çərçivəsində Tehranda keçirilməsi gözlənilir. Əsas müzakirə obyektlərindən biri də bu ola bilər. Çünki Azərbaycanın maraqları çərçivəsindədir. Düşünürəm ki, İran, Rusiya və Türkiyə bu məsələdə anlaşarlarsa, əməkdaşlıq formatında Türkiyə və Azərbaycanın geosiyasi maraqlarını təmin etmək mümkün olacaq".