İspaniyada son 6 gündə 360 nəfər anomal istilərin qurbanı olub

Son 6 gündə İspaniya ərazisinin böyük hissəsində müşahidə olunan isti hava şəraitinin təsirindən 360 insan həyatını itirib.

"Report" PTVE telekanalına istinadən xəbər verir ki, bu barədə İctimai Səhiyyə İnstitutunun məlumatında deyilir.

"İyulun 10-dan 15-nə qədər toplanmış statistik məlumatlara görə, İspaniyada son bir həftədə müşahidə olunan yüksək temperatur nəticəsində 360 nəfər ölüb, ölümlərin pik həddi - 123 nəfər isə cümə günü qeydə alınıb", - telekanal bildirib.

Bu arada İspaniyanın Meteorologiya Xidməti bildirib ki, iyulun 16-da ölkənin kontinental hissəsində hərarət 28 dərəcədən aşağı düşməyəcək, bəzi yerlərdə isə 45 dərəcəyə çatacaq. İspaniya meteoroloqları şənbə günü Kantabriya, Navarra, Rioxa muxtar icmalarında, eləcə də Badaxoz və Saraqosa şəhərlərində istilər səbəbindən hava təhlükəsinin maksimal (qırmızı) səviyyəsini açıqlayıblar.

Teleradio şirkəti xatırladıb ki, cari isti hava dalğası bu yay İspaniyada ikincidir. İyun ayında ölkədə səkkiz gün davam edən isti havanın ilk dalğası bürüyərkən onun qurbanları 829 nəfər olub.

12:46
İspaniyada anomal istilər səbəbindən 240-a yaxın insan həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, iyulun 10-dan 14-dək havanın temperaturunun yüksək olması səbəbindən 237 nəfər ölüb. Ən çox insan təlafatı iyulun 14-də qeydə alınıb. Belə ki, həmin gün krallığın 93 sakini dünyasını dəyişib.

Sinoptiklərin məlumatına görə, son günlər İspaniyada havanın temperaturu 40 dərəcədən yüksəkdir, bəzi bölgələrdə isə 45°-yə çatıb.