“Bu ölkədə yaşayan həmyerlilərimiz Azərbaycan vətəndaşlarıdırsa, onlar üçün narahatlıq doğuran bir məqam yoxdur”
“Yox, əgər oradakı həmyerlilərimiz artıq Rusiya vətəndaşlığını qəbul edibsə, bu artıq bizim həll edəcəyimiz bir məsələ deyil”
Rusiyada qismən səfərbərlik elan edilməsi orada yaşayan və Federasiyanın vətəndaşı olan soydaşlarımızı çıxılmaz vəziyyətə salıb. Qərarla bağlı soydaşlarımızın ölkədən çıxışına da bəzi məhdudiyyətlər qoyulub.
Rus vətəndaşı olan azərbaycanlılar canlarını qurtarmağa çalışır. İnsanlar təşviş və çaşqınlıq içindədir, nə edəcəklərini bilmirlər.
Səfərbərlik elan edilən gündən sonra Rusiya tərəfdən Ukraynaya qarşı döyüşmək istəməyən azərbaycanlılar ölkədən çıxmağa çalışırlar. Bu isə asan başa gəlmir. Səfərbərlik qərarından sonra aviabiletlərin qiyməti kəskin bahalaşıb. Əksəriyyətinin imkanı çatmır. Pulu olanlar isə bilet tapa bilmir.
Ekspertlər isə hesab edir ki, bu çağırışda əsasən keçmiş hərbçi və zabitlər nəzərdə tutulur. Bu siyahıya Rusiyada yaşayan azərbaycanlıların kütləvi şəkildə düşməsi gözlənilmir.
Millət vəkili Fazil Mustafa isə “Şərq”ə açıqlamasında deyib ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün heç bir təhlükə yoxdur. İkili vətəndaş olduğunu iddia edib, Azərbaycandan kömək istəyən azərbaycanlıların istəkləri isə absurddur: “Çünki Azərbaycanda ikili vətəndaşlıq anlayışı yoxdur. Hər hansı xarici dövlətin vətəndaşlığını qəbul etmiş və bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməyən Azərbaycan vətəndaşları məsuliyyət daşıyır.
Bununla bağlı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulmasa da, Azərbaycan vətəndaşları xarici dövlətin vətəndaşlığını qəbul etdikləri təqdirdə yenə də müvafiq dövlət qurumuna xəbər verməlidirlər. Əgər Azərbaycan vətəndaşı xarici bir ölkənin vətəndaşlığını qəbul edərsə, bu hal, müvafiq qanuna əsasən, Azərbaycan vətəndaşlığından imtina edilməsi mənasına gəlir.
Rusiyada yaşayan həmyerlilərimiz Azərbaycan vətəndaşlarıdırsa, onlar üçün narahatlıq doğuran bir məqam yoxdur. Qismən yox, ümumi səfərbərlik elan olunsa belə heç kəs onları ordu sıralarına cəlb edə bilməz. Əgər belə bir hal baş verərsə, Azərbaycan dövləti öz vətəndaşının hüquqlarını qoruyacaq. Yox, əgər oradakı həmyerlilərimiz artıq Rusiya vətəndaşlığını qəbul edib, ehtiyat üçün Azərbaycan pasportunu da özündə saxlayırsa, bu artıq bizim həll edəcəyimiz bir məsələ deyil. Bu adam Rusiya vətəndaşıdır. Rusiya tərəfindən Ukraynaya qarşı döyüşmək istəməsə belə ölkənin qanunlarına tabe olmaq məcburiyyətindədir. Milliyətcə azərbaycanlı olması onun səfərbərliyə cəlb olunmasına əngəl deyil ki. Əgər Rusiya vətəndaşı olan azərbaycanlıların konstitusion hüquqları pozularsa, biz insan haqlarının qorunması baxımından həmyerlimizi müdafiə edə bilərik. Amma burada heç bir qanun pozuntusu yoxdur. Rusiya vətəndaşlığı alıbsa, ölkənin qanunlarına tabe olmalıdır. Azərbaycan vətəndaşı olan nə qədər rus var ki, hərbi xidmətə də gedir, düşmənlə döyüşdə iştirak edir. Necə ki, Rusiyanın bu məsələdə bizə qarışmaq ixtiyarı yoxdur, eyni ilə Rusiyada elan olunan səfərbərlik məsələsində də bizim müdaxiləmiz ölkə qanunvericiliyinə və ümumilikdə beynəlxalq hüquqa ziddir”.