İran dronları Rusiyaya üstünlük qazandırır

Tehranla Kremlin yeni oyun qaydaları Mərkəzi Asiya və Əfqanıstanda təzahür edə bilər


  Oktyabrın 19-da səhər Rusiya qüvvələri Ukraynanın cənubundakı Nikolayev vilayətinə kamikadze dronları ilə zərbələr endirib. Bir həftədən çox davam edən hava zərbələri Ukraynada elektrik stansiyalarının üçdə birini dağıdıb, mindən çox şəhər və kənddə elektrik kəsilib. Ukrayna ordusunun cənub komandanlığının bildirdiyinə görə, ötən gecə 12 dron vurulub. Britaniya kəşfiyyatı Rusiyanın istifadə etdiyi dronların İran istehsalı olduğunu təsdiqləyib. Prezident V.Zelenski deyib ki, son bir həftədə Rusiyanın hava zərbələri Ukraynada elektrik stansiyalarının 30 faizini dağıdıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumda İran istehsalı olan dronlardan istifadəsi onu göstərir ki, onillər boyunca hərbi-sənaye kompleksinə milyardlarla dollar xərcləməsinə baxmayaraq, Rusiya siyasi və hərbi baxımdan iflasa uğrayıb: "Nəticədə onlar sadə dronlar və raketlər əldə etmək üçün Tehrana boyun əydilər. 

Bu sadəcə, dünyaya bir daha Rusiyanın məğlubiyyətə doğru getdiyini, daha bir cinayət ortağını bu terrora cəlb etməyə çalışdığını göstərəcək. İran hökuməti “bunu biz etmədik” deyə bəyanat verdi. Ancaq aydın oldu ki, bunu İran vurub və İran hökuməti bu həqiqəti gizlətməyə çalışır. Bir neçə dəfə İran prezidenti ilə telefonla danışdım, müxtəlif səviyyələrdə müzakirələr oldu, ancaq əvəzində İran hökuməti nə etdi? Heç bir şey. İran Rusiya ilə ticarət edir, “Şahed” dronlarını və raketləri Rusiyaya satır". İran isə Rusiyaya dron vermədiyini deyir və iddiaları təkzib edir. Moskva da İranın kamikadze dronlarından istifadə edilməsindən xəbəri olmadığını bildirir. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, İran pilotsuz uçuş aparatları ilə bağlı bəyanatlar ABŞ və tərəfdaşları tərəfindən Tehrana təzyiq göstərmək üçün istifadə olunur. Zaxarova İran PUA-ları ilə bağlı məlumatların dəfələrlə təkzib edildiyini xatırladıb və bunu şayiə adlandırıb: "Amerika mediasında bəzi müstəqil, adı açıqlanmayan qapalı mənbələr tərəfindən yayılan İran PUA-ları ilə bağlı şayiələr son günlər həm İran, həm də Rusiya nümayəndələri tərəfindən təkzib edilib. Həm bizə, həm də Tehrana qarşı irəli sürülən bu müəyyən iddiaları şərh etməyə ehtiyac varmı? Düşünürəm ki, yox, çünki bütün bunlar əsaslandırılmamış nəticələr və uzaq fərziyyələr toplusundan başqa bir şey deyil”. 

  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, ideoloji cəhətlərlə Rusiya və İranın ortaq dəyərləri çox az olsa da, hər ikisi Qərbə qarşı kütləvi qəzəb püskürən dövlətdir. Analitik deyib ki, bu səbəb İranın Rusiya-Ukrayna müharibəsində birincinin yanında dayanaraq ona hərbi yardım etməsi, xüsusilə kamikadze dronlar verməsi ilə nəticələnir: 

"Rusiyanın pilotsuz təyyarələri necə alması və ya onlara nə əlavə etdiyi barədə çox şey məlum deyil. Amma Ukraynada qəzaya uğrayan, vurulan dronların qalıqlarından aydın olur ki, Rusiyada İran istehsalı olan yüzlərlə pilotsuz təyyarə var. Aşkardır ki, İran Rusiyanın başqa dövlətlərin ərazisinə tamah salmasına haqq qazandıran vasitələri öz təbliğatının məntiqinə sığışdırır. İslam Respublikasının Rusiyaya verdiyi zərbə dronları müqabilində Moskvadan nə istədikləri hələ bəlli deyil. Mümkündür ki, Tehran Moskva ilə Suriya mövzusunda Türkiyəni sıxışdıran razılığa gəlmək arzusundadır. Əməkdaşlıq edilə biləcək ikinci platforma Mərkəzi Asiya, üçüncü coğrafiya isə Əfqanıstandır. Cənubi Qafqaz regionuna münasibətdə isə Moskva Ankara və Bakı ilə isti münasibətlərini Tehranın maraqlarına qurban vermək xəttinə getməyəcək. Ukraynadakı müharibə İranın müdafiə sənayesindəki yeni silahların nümayişi baxımından önəmə mindirir, hərçənd ki, İran istehsalı olan dronlar Türkiyə və İsrailin eyni kateqoriyadan olan silahlarından qat-qat geridə qalır. Rusiyanın İran dronlarına ehtiyac duyması Tehranda belə inam yaradır ki, Moskva gələcəkdə İsraildən gələ biləcək təhlükələr barədə onu kəşfiyyat məlumatları ilə təmin edəcək. Ancaq Rusiyanın İranın düşməni olan İsraillə də yaxşı əlaqələri var. İnandırıcı deyil ki, Təl-Əvivin Tehrana qarşı kəşfiyyat oyunları barədə Moskva hər hansı məlumatları Tehrana ötürsün. İkinci, Rusiya kəşfiyyatı özü parçalanmış durumdadır və alternativ bilgi mənbələrinə çıxışı məhdudlaşıb". 

  Ekspertə görə, İran Rusiyanın qılığına girmək üçün Rusiyaya ballistik raketlər verilməsini də nəzərdən keçirir: 

"Hərçənd, bunun ikitərəfli münasibətlərin perspektivi üçün hansı üfüqlər açacağını dəqiqləşdirmək çətindir. Çünki Rusiya Qərbin İrana tətbiq etdiyi sanksiyalar siyasətinə qarşı prinsipial çıxışlar etmir. Sanki Moskva Tehranın əzilməsinə göz yummur və onun nüvə danışıqlarında ABŞ-a güzəştə getməsinə çalışır. Rusiya İran dronlarını sadəcə müharibədə üstünlük qazandırmaq vasitəsinə çevirir. Məqsəd Ukraynanın enerji infrastrukturuna zərbələr endirməklə Kiyevə qarşı təzyiqləri gücləndirməkdir.

Rusiya İrandan silahlar cəlb etməklə Qərbin Tehrana qarşı sanksiyalarını stimullaşdırmasına rəvac verir. Digər tərəfdən isə özü masadakı kartlarını gücləndirmək istəyir. İsrail İranın Ukraynadakı müharibədə dolayı iştirakına qarşı həmlələr edəcək. Lakin bu, Rusiya ilə gərgin münasibətlər yaradan səviyyəyə qalxmayacaq. İran dronları Ukraynadakı müharibənin gedişatına həlledici təsir göstərməyəcək, Ukrayna xeyli çətinliklərlə üzləşsə də, müqavimət göstərməyə davam edəcək. İranla Rusiyanın yeni oyun qaydaları Mərkəzi Asiya və Əfqanıstanda təzahür edə bilər. Bu isə Qərb üçün müşküllər siyahısını genişləndirəcək".