Xersonun azadlığı...


Zelenskinin "sülh" mesajları ciddi deyil

Ukrayna liderinin irəli sürdüyü şərtlər elədir ki, bu, danışıqlara başlamaqdan çox, onu pozmağa hesablanıb

  Ukrayna Prezidenti Vladimir Zelenski Xersona səfər edib və burada şəhəri azad edən ukraynalı hərbçilərlə görüşüb. O, şəhərin baş meydanında administrasiya binası qarşısında növbəyə duran hərbçilərə “Biz irəliləyirik, biz bütün ölkəmiz üçün sülhə hazırıq" deyib. Zelenski həmçinin NATO və digər müttəfiqlərinə Rusiyaya qarşı müharibədə göstərdikləri dəstəyə görə təşəkkür edib və ABŞ-dan yüksək mobillikli raket artilleriya sistemlərinin (HIMARS) tədarükünün Kiyev üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Xatırladaq ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirib ki, Rusiya ilə danışıqlara nə vaxt başlayacağına rəsmi Kiyev özü qərar verməlidir. O söyləyib ki, Ukrayna nə edəcəyini özü müəyyənləşdirməlidir: “Bizim vəzifəmiz onları dəstəkləməkdir”.

  Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, Rusiyanın Ukraynanı işğal cəhdinin qarşısını alan Zelenskinin və Ukrayna xalqının qəhrəmanlığı oldu. Analitikə görə, müharibənin hər mərhələsində sülh mesajlarının verilməsinin şahidi oluruq: 

"Bu, müharibənin gedişatı baxımından tərəflər arasında növbəli şəkildə dəyişir. Zelenski Putinin hakimiyyətdə olduğu müddət ərzində Rusiya ilə danışıqları qadağan edən qərar belə imzalayıb ki, bu da təbiidir. Putinlə danışıqların aparılması mümkün deyil. Buna baxmayaraq Zelenskinin "sülh" mesajlarının ciddi olmadığı qənaətindəyəm. "Sülh" danışıqları üçün Zelenskinin irəli sürdüyü şərtlər elədir ki, bu, danışıqlara başlamaqdan çox, onu pozmağa hesablanıb. Zelenski Rusiyadan işğalçı ordunu çıxarmağı, Krımı geri qaytarmağı, işğal zamanı vurulmuş ziyana görə təzminat ödəməyi və müharibə cinayətləri törətmiş rəhbərlik də daxil, bütün hərbi və mülki şəxslərin cəzalandırılmasını tələb edir. Bunun mümkünlüyü az inandırıcıdır. Putin buna getməz, çünki bu, onun sonu olar". 

  Ekspert deyib ki, Putin Ukrayna ilə qarşıdurmanın ilk vaxtlarından Zelenskini özünə rəqib görmürdü. Hər zaman onun arxasındakı ABŞ-la masaya əyləşmək təklifi ilə çıxış edirdi. Görünən odur ki, Putin məğlubiyyətə baxmadan yenə də öz fikrində qalıb: 

"Qərb bir çoxlarının proqnoz etdiyi "Qərb Ukraynanı yarı yolda qoyacaq, Rusiya ilə gizli danışıqlar aparıb, Ukraynanı satacaq" kimi fikirlərin əksinə olaraq danışıq məsələsinin Ukraynanın qərarından asılı olacağını qeyd edir. ABŞ yaxşı başa düşür ki, silahı onlar versələr də, döyüşən Ukrayna xalqıdır və tam qələbə çalmaq ehtimalı olduğu halda bunu yarımçıq saxlamağa heç bir tərəf razı olmaz. Amerika eyni zamanda, öz imicindən də narahatdır. Yaxşı dərk edir ki, Rusiyanı tam məğlub edənə kimi Ukraynanın arxasında dayanacağına söz verdiyi halda yarımçıq geri çəkilmək, imicinə böyük zərbə olacaq. Ona görə bu işi Ukraynanın öz öhdəsinə buraxır. Onsuz da ABŞ bu müharibədən istədiyini alıb. Rusiyanın və Putinin "dünyanın ll ordusunun" heç nə olduğunu, tək gücün ABŞ olduğunu isbat edib. Vaşinqtonun əsas çəkinəcəyi məsələ tam məğlubiyyətin Rusiyada iğtişaşlara gətirməsi sonrasında ətraf ölkələrə insan axını və nüvə silahının başqa əllərə keçməsi qorxusudur. Amma görünən odur ki, ABŞ bunu gözə almağa hazırlaşır".