Ukrayna qadınlarının yaşadıqları dəhşət

Təcavüz, nə yazıq ki, müasir müharibələrin ən iyrənc silahına çevrilib

“Mənə təcavüz edən rus əsgəri oğlumla yaşıd idi…” Bu sözlər 1 ilə yaxındır Qara dəniz sahilində Ukrayna ilə Rusiya arasındakı müharibənin iyrənc üzünü ortaya qoyan sübutlardan yalnız biridir. “Şərq” “Milliyet.con”a istinadən Ukrayna qadınlarının yaşadıqları dəhşəti anladır. Təcavüzə məruz qalmış qadınların acı həyat hekayəsini oxuculara təqdim edən sayt yazır ki, təcavüz, nə yazıq ki, müasir müharibələrin ən iyrənc silahına çevrilib. Bu gerçəyin səbəblərini izah etməyə çalışan professor Nərgiz Özkural Köroğlu qeyd edib ki, müharibənin ən kəskin silahı olaraq istifadə edilən təcavüz, cinsi istismar buna məruz qalan qadınların hətta son nəfəslərində belə etiraf edə bilməyəcəkləri gerçəkliklərdir. Müharibə insanları təkcə ev-eşiyindən didərgin salmır, köçkün həyatına məhkum etmir, həm də  qadınlara həyatları boyunca unutmayacaqları dəhşətlər yaşadır. Ukraynalı Viktoriya Martsinyuk İngiltərənin “Telegraph” kanalına başına gətirilən dəhşətləri anladıb. 

Qadının “mənə təcavüz edən rus əsgəri oğlumla yaşıd idi” sözləri müharibənin dəhşətlərini bütün gerçəkliyi ilə ortaya qoyur. Bu cür dəhşətlər təkcə Ukraynada yaşanmayıb. Harada müharibə olubsa, varsa, orada yaşanıb və yaşanmaqdadır.  Ruanda, Bosniya-Hersoqovinada da həmçinin. Müharibələr zamanı milyonlarla qadın düşmən tərəfin əsgərlərinin təcavüzünə məruz qalır. Həm də bu hadisələr onların ailələrinin, övladlarının gözü qarşısında baş verir. Bu isə həmin qadınların psixoloji travma almasıyla nəticələnir, gələcək həyatını dözülməz  edir. Nəzərə alanda ki, başına açılan müsibətləri danışmayan, susmağa üstünlük verən qadınlar daha çoxdur, təcavüzə məruz qalanların daha çox olduğuna şübhə yoxdur.