Kılıçdaroğlu Ərdoğana bir dəfə məğlub olub


 Bu mənada “Millət İttifaqı” eyni nəticənin təkrar olmasını arzulamır

“Türkiyə iqtisadiyyatının geriləməsi, lirə-dollar balansının kəskin pozulması, miqrant böhranı kimi səbəblər Ərdoğanın prestijinə zərbə vursa da, onun qələbə qazanma şansları hələ də çox böyükdür”


  14 mayda Türkiyədə prezident və parlament seçkiləri eyni gündə keçiriləcək. Ekspertlərə görə, hər iki seçkinin məhz bu tarixə təyin edilməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, 73 il öncə 1950-ci il 14 may tarixində Türkiyənin keçmiş baş naziri Adnan Menderes “Bəsdir! Söz növbəsi millətindir” deyərək 27 il hakimiyyətdə olan İsmət İnönünün Cümhuriyyət Xalq Partiyasını (CHP) məğlub etmişdi. Bu, onu deməyə əsas verir ki, Ərdoğan da mayın 14-də həm parlament, həm də prezident seçkilərində qələbə qazanaraq tarixi təkrarlamaq və CHP başda olmaqla  “Millət İttifaqı” üzərində qələbə qazanmaq istəyir. 

Ancaq CHP sədri Kamal Kılıçdaroğlu seçkinin 14 mayda olmasına qarşı çıxmayıb. Deyib ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilməsi onlar üçün problem deyil: "Seçkilərin keçirilmə tarixini mayın 14-nə təyin etmək istəyirlər. Bizim tərəfimizdən heç bir problem yoxdur. Yetər ki, söz millətin olsun. Millət İttifaqı da bunu istəyir”.

Siyasi şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, 14 maya az zaman qalıb və seçkiyə hazırlıq üçün kifayət deyil. “Millət İttifaqı”nın namizədi isə bəlli deyil. Analitik deyib ki, hər nə qədər namizədin bəlli olduğu, sadəcə adının açıqlanmadığı deyilsə də, müxalifət daxilində namizəd böhranı davam edir:

 "Xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, lirə-dollar balansının kəskin pozulması, miqrant böhranı və s. səbəblər Ərdoğanın prestijinə zərbə vursa da, onun qələbə qazanma şansları hələ də çox böyükdür. CHP sədri Kamal Kılıçdaroğlu namizəd olmaq istəyir, lakin İYİ Partiya sədri Meral Akşener bununla razılaşmır. “Millət İttifaqı” Rəcəb Tayyib Ərdoğanın qarşısına qazanacaq namizəd çıxarmağı planlayır. Kılıçdaroğlu Ərdoğan qarşısında bir dəfə məğlub olub. Bu mənada “Millət İttifaqı” eyni nəticənin təkrar olmasını arzulamır. Kılıçdaroğlu bunu bildiyi üçün seçkilərin 14 maya təyin edilməsindən öz namizədliyi üçün istifadə edə bilər. “Millət İttifaqı”nın namizədi kimi seçkilərdə məğlub olarsa, seçkiyə hazırlıq müddətinin kifayət qədər olmamasını əsas gətirər. Yəni Kılıçdaroğlu seçkilərdə məğlub olarsa, “söz millətin olmadı” deyəcək".
  Ekspertin fikrincə, “Millət İttifaqı”nda hər ağızdan bir səsin çıxması və vahid namizədin hələ də açıqlanmaması seçicilərin müxalifətə inamını azaldır: "Onsuz da seçki öncəsi keçirilən sorğularda müxalifət namizədlərinə münasibət heç də isti deyil. Bu mənada 14 mayda keçiriləcək prezident və parlament seçkilərində Rəcəb Tayyib Ərdoğan və Milliyətçi Hərəkat Partiyası ilə birgə təşkil olunmuş "Cümhur İttifaqı"nın şansı yüksək dəyərləndirilir. Böyük fərqlə olmasa da, kiçik nisbətlə qələbə qazanılması mümkündür".
  T.Rzayev əlavə edib ki, Türkiyə Azərbaycanın strateji tərəfdaşı, hərbi müttəfiqidir: "Ölkələr arasındakı münasibətlər tarixin zirvə nöqtəsinə çatıb. Xüsusilə qeyd etmək lazımdır ki, bu münasibətlər Rəcəb Tayyib Ərdoğanın iqtidarı dövründə hazırkı mərhələyə çatıb. Bakı bunları nəzərə alaraq onun qələbəsini daha çox arzulayır. Ancaq bütün hallarda Azərbaycan Türkiyənin daxili işlərinə hörmət edir. Seçkilərin nəticəsindən asılı olmayaraq münasibətlərə xələl gəlməyəcək. Türkiyə üçün də bu, belədir. PKK-nın siyasi qolu sayılan HDP xaric, istənilən partiya Türkiyədə iqtidara gəlsə, iki qardaş ölkənin münasibətlərinə zərər toxunmayacaq".