ABŞ Yaxın Şərqə atom sualtı qayığı göndərdi

Pentaqon "USS Georgia" atom sualtı qayığını Yaxın Şərqə göndərir. Həmçinin "Abraham Lincoln" aviadaşıyıcısına Mərkəzi Komandanlığın məsuliyyət zonasına keçidi sürətləndirməsi barədə də göstəriş verilib.

Oxu.Az-ın TASS-a istinadən məlumata görə, bu barədə Pentaqonun sözçüsü Pet Rayderin açıqlamasında deyilir.

O, ABŞ müdafiə naziri Lloyd Ostinin israilli həmkarı Yoav Qalantla telefon danışığı apardıqdan sonra belə bir addım atdığını vurğulayıb.

"Nazir Ostin ABŞ-nin İsraili qorumaq üçün mümkün olan bütün addımları atmağa sadiq qaldığını təsdiqləyib. O, regional gərginliyin artması fonunda ABŞ-nin hərbi gücünün və Yaxın Şərqdəki potensialının gücləndirilməsini qeyd edib. Bu öhdəliyi təsdiqləyərək, Ostin "F-35C" qırıcıları ilə təchiz edilmiş "Abraham Lincoln" aviadaşıyıcı qrupuna Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonasına keçidi sürətləndirməyi və artıq orada olan "Theodore Roosevelt" aviadaşıyıcısının imkanlarını gücləndirməyi əmr edib. Nazir, həmçinin idarəolunan raketlərlə təchiz edilmiş "USS Georgia" atom sualtı qayığını da Mərkəzi Komandanlıq bölgəsinə göndərməyi əmr edib", - deyə Rayder vurğulayıb.