Gürcüstan lazımi məqamı gözləyir


Tbilisi Kremli qıcıqlandırıb vəziyyəti Saakaşvili dövrünə qaytarmaq istəmir

  ABŞ Dövlət Departamenti Gürcüstan hökumətinə xəbərdarlıq edib. Vaşinqton Rusiya və Gürcüstan arasında birbaşa uçuşların bərpasının əleyhinə olduğunu açıqlayıb. Vurğulanıb ki, Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpa olunması Gürcüstan hava limanlarında Rusiya şirkətlərinə xidmət edən şirkətləri sanksiyalar təhdidi altında qoyacaq. Qeyd olunub ki, hazırda ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələri Rusiya təyyarələrinin öz hava məkanlarına daxil olmasını qadağan edib və belə bir vəziyyətdə birbaşa uçuşların davam etdirilməsi narahatlıq doğurardı: "Bütün Qərb qəddar rejimlə özü arasında məsafə qoyub, indi Rusiya ilə əlaqələri artırmağın vaxtı deyil”.   Məlumat üçün bildirək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze Rusiya ilə birbaşa uçuşların bərpasının mümkünlüyünü və bunun Gürcüstan vətəndaşları üçün faydalı ola biləcəyini deyib. O, Rusiya tərəfinin belə bir qərarının alqışlana biləcəyini qeyd edib. Gürcüstan Prezidenti Salome Zurabişbili isə birbaşa uçuşların davam etdirilməsinin əleyhinə olduğunu bəyan edib. Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin yayında Tbilisidə keçirilən Rusiya əleyhinə aksiyalardan sonra Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə dayandırılıb. 

  Politoloq Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Qərb Tbilisiyə münasibətdə ehtiyatlı davranır. Analitikin fikrincə, indi Qərbin diqqəti digər münaqişə və problemlərin həllinə yönəlib: 

"Digər tərəfdən, Tbilisi ilə Qərb arasında ciddi problemlər də mövcuddur. Tbilisi bəzən Qərbin maraqlarını nəzərə almır. Sabiq Prezident Mixeil Saakaşvili ilə bağlı məsələ də Qərbə qarşı demarş kimi dəyərləndirilir. Belə siyasətin nəticəsidir ki, Gürcüstanın Qərbə inteqrasiya məsələsi Ukrayna və Moldova ilə müqayisədə bir qədər arxaya atılıb. Hazırda Tbilisinin həm Rusiya, həm də Qərblə münasibətlərində yaranmış vəziyyət olduqca qarışıqdır. Unutmaq olmaz ki, bu gün Gürcüstan ərazisinin 20 faizi Rusiya işğalı altındadır. Rusiya ölkənin iki regionunu - Abxaziya və Cənubi Osetiyanı işğal edib".

  A.Rəşidoğlunun sözlərinə görə, rəsmi Tbilisinin üzü Qərbədir: 

"Tbilisi istəsə belə, Avrointeqrasiyadan uzaqlaşa bilməz. Sadəcə olaraq, Gürcüstan Kremli qıcıqlandırmaq, münasibətləri Qamsaxurdiya və yaxud Saakaşvili dövrünə qaytarmaq istəmir. Moskva Ukraynada ciddi zərbə alacağı təqdirdə Tbilisi yenidən anti-Rusiya mövqeyinə qayıdacaq. Hazırda Tbilisi Rusiya ilə açıq qarşıdurmaya getmək istəmir, lazımi məqamı gözləyir. Bunu Qərbdə də anlayırlar, odur ki, Tbilisiyə daha artıq təzyiq etmək istəmirlər".