TƏCİLİ! - Rusiya genişmiqyaslı yeni hücuma hazırlaşır?

  Ukrayna Prezidenti V.Zelenski Böyük Britaniyada səfərdədir. Zelenskini Londonun Stansted hava limanında Böyük Britaniyanın Baş naziri Rişi Sunak qarşılayıb. O, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Böyük Britaniyaya səfər edib. Ukrayna Prezidenti Londondan Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Səfərlə bağlı digər təfərrüatlar açıqlanmayıb. 
  Politoloq Elxan Şahinoğlu deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlayandan sonra ikinci dəfə ölkə hüdudlarını tərk edib. Birinci dəfə o, ABŞ-yə səfər edərək bu ölkənin Prezidenti Co Baydenlə görüşərək Konqresdə alovlu nitq söyləmişdi: "Zelenski bu dəfə Londona gedib, Baş nazir Rişi Sunakla görüşüb və Böyük Britaniya Parlamentində çıxış edib. Ukrayna Prezidentinin Böyük Britaniyanı seçməsi təsadüfi deyil. Zelenski Vaşinqton və Londona səfərlərə ona görə üstünlük verib ki, Ukraynaya əsas hərbi yardım bu iki ölkədən gəlir. Zelenski çıxışında ingilislərə minnətdar olmaqla yanaşı, hərbi yardımın artırılması xahişini təkrarladı. Həqiqətən, cəbhə bölgəsində vəziyyət ağırdır, Rusiya genişmiqyaslı yeni hücuma hazırlaşır. Bu hücumun qarşısını almaq və əks-hücuma keçmək üçün Ukraynanın daha çox hərbi texnikaya – tanklara, təyyarələrə və artilleriya qurğularına ehtiyacı var".