Brüsseldə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub

Zelenskinin Qərb səfəri yeni hücum əməliyyatlarına hazırlığın tərkib hissəsidir

  Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti keçirilib. Toplantıda Avropa turnesinə çıxan Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib. İclasda Rusiya-Ukrayna müharibəsi, həmçinin Kiyevə yardımların artırılması məsələləri müzakirə olunub. Zelenski sammit çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşüb. Avropa Parlamentinin sədri Roberta Metsola sammiti tarixi gün adlandırıb. 

Ukrayna Prezidenti bildirib ki, Ukraynanın özünü müdafiəsi üçün ordunun uzaqmənzilli raketlərə və hərbi təyyarələrə ehtiyacı var. Zelenski deyib ki, Ukrayna "ksenefobiyanı təşviq edən Rusiyaya qarşı" mübarizə aparır: "Avropanın taleyi heç vaxt siyasətçilərdən asılı olmayıb. Hər birimiz önəmliyik. Hər biriniz bizim ümumi nəticəmizə, ümumi qələbəmizə təsir etmək iqtidarındasınız. Aİ-nin hər bir vətəndaşı bizim ortaq qələbəmizə təsir edə bilər". 

O bildirib ki, Ukrayna Avropa ailəsinin bir üzvüdür. "Ukrayna Avropa İttifaqının üzvü olacaq. Biz birlikdə, həmrəy olduğumuz müddətdə Avropa həmişə Avropa olaraq qalacaq. Biz azadlıq, Rusiyanın məhv etməyə çalışdığı Avropa dəyərləri uğrunda mübarizə aparırıq. Bizim gələcəyimiz buradadır, Avropa İttifaqında, bu bizim evimizdir", o qeyd edib. Zelenski Londonda və Parisdə keçirdiyi görüşləri müsbət qiymətləndirib, müəyyən razılaşmaların olduğunu deyib: "Bizim vacib görüşümüz, müzakirələrimiz oldu. Bunu müsbət qiymətləndirirəm. Mən detalları açıqlamaq istəməzdim, amma deyə bilərəm ki, biz ölkəmizin müdafiəsi üçün Silahlı Qüvvələrimizin müdafiə bacarıqlarını və imkanlarını daha da inkişaf etdirmək istiqamətində çalışırıq və Parisdəki görüş barədə təəssüratlarım müsbətdir".

  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Ukrayna Prezidenti Zelenskinin Qərb səfəri yeni hücum əməliyyatlarına hazırlığın tərkib hissəsidir. Ekspertə görə, Zelenski hakimiyyət strukturlarında islahatlar apardıqdan sonra belə  bir səfərə təsadüfən çıxmayıb:

 "Rusiya hərbi kəşfiyyatı Qərbin müəyyən mərkəzləri tərəfindən Zelenskinin komandasına sizaraq hakimiyyətin monolitliyini pozmuşdu. İngiltərə və ABŞ kəşfiyyatı Zelenskini qoruya bildilər. Demək olar ki, Ukrayna hakimiyyəti yenidən formalaşıb və Rusiya ordusuna qarşı hücum əməliyyatına hazırlıq davam edir. 

Zelenskinin Qərbə səfəri, görüşləri yeni koalisiyanın sarsılmaz və iqtidarının möhkəm olduğunun mesajıdir. Səfər çərçivəsində aparılan danışıqlarda Ukraynaya ağır silahların tədarükündə gecikmələrə son qoyacaq. Həmçinin Avropa İttifaqında müəyyən fikir ayrılıqları ilə bağlı məsələlər var. 

Böyük ehtmal müzakirələrdən sonra açıq qalan məsələlər də həll edilə bilər. Rusiya-Ukrayna müharibəsinin təsirləri regionumuza təsir edir və oradakı proseslərdən düzgün nəticə çıxarmaq mütləqdir".