Dünyanın ən təhlükəsiz şəhərləri açıqlandı

Avstraliya və Yeni Zelandiya hər cür fəlakət zamanı yaşanıla biləcək ən təhlükəsiz ölkələrdir

  Alimlər, baş verə biləcək təbii fəlakətlər, Yerə meteor düşməsi və ya nüvə silahı işə salınacağı təqdirdə ən təhlükəsiz ölkələr və şəhərlərin siyahısını tərtib edib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, alimlər Yer planetində yaşanacaq hər cür təbii və ya texnogen fəlakətlər zamanı salamat qalacağı daha çox ehtimal edilən, insanların da rahat bir şəkildə uzun müddət sığına biləcəkləri əraziləri müəyyənləşdirib.  

Təhlükəsiz ərazilər və şəhərlərin seçimi ərzaq ehtiyatı, iqlim şərtləri, yerli istehsal baxımından özünü təmin etmə gücünə uyğun aparılıb. “The Guardian”ın yazdığına görə, baş verə biləcək mümkün fəlakətlər zamanı ən təhlükəsiz ərazilərin müəyyənləşməsi üçün 38 ada ölkəsi ilə bağlı tədqiqat aparılıb. Nəticədə Avstraliya və Yeni Zelandiya hər cür fəlakət zamanı yaşana biləcək ən yaxşı ölkələr seçilib. Müəyyən edilib ki, Avstraliya ərzaq tədarükü baxımından 10 milyon insanı qida ilə təmin etməyə qadirdir. 

“Wellington Otago” Universitetinin professoru  Nik Vilson isə Yeni Zelandiyanın sahib olduğu məhsulların hətta ən dəhşətli fəlakətlərin baş verəcəyi halda cəmi 61 faiz azalacağını və bu halda da ölkənin öz vətəndaşlarını qida ilə təmin edə biləcəyini açıqlayıb. İslandiya, Solomon adaları, Vanuatu (Sakit Okeanın cənubunda dövlət) da təhlükəsiz və yaşana biləcək ölkələr sırasındadır. Bu ölkələr hətta Günəş şüalarının anidən azalacağı halda insanlar üçün yetərli miqdarda ərzaq istehsal edə biləcəklər. Bu ölkələrin qida sənayesi belə bir gücə malikdir. Qeyd edilir ki, alimlərin araşdırması “Risk Analysis” adlı elmi jurnalda dərc edilib.