Lukaşenko Pekinə yaltaqlanır

Məqsəd Çini Rusiya və Belarusun yanına çəkməkdir

  Belarus Prezidenti Aleksandr Lukaşenko yeni iddia ilə çıxış edib. O deyib ki, ABŞ vətəndaş müharibəsini alovlandırmaq və Çini zəiflətmək üçün Çindəki uyğurlarla bağlı vəziyyəti gərginləşdirir. Lukaşenko əlavə edib ki, amerikalılar ayrı-ayrı dövlətlərə təzyiq və nəzarət edə biləcəkləri müxtəlif yollar və nöqtələr axtarırlar. Məlumat üçün bildirək ki, son günlər Çində uyğurlara qarşı amansız assimilyasiya siyasəti yenidən geniş miqyas alıb. Hər gün uyğurlara qarşı təzyiqlərlə bağlı tükürpədici faktlar yayılır. Belarus Prezidenti isə iddia edir ki, dini və irqi ayrıseçkliyə məruz qalan uyğurları Pekin hökumətinə qarşı kənar güclər, konkret ABŞ təhrik edir. 

  Lukaşenkonun iddiasını "Şərq"ə təhlil edən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli əvvəlcə onu bildirib ki, vaxtı ilə ingilislərin, fransızların, belçikalıların Afrikanın qaradərili insanlarına, almanların yəhudilərə qarşı etdiyinin iki qatını bu gün Çin hökuməti uyğurlar üzərində tətbiq edir. Partiya rəsmisi deyib ki, Çin dövləti uyğurları milli-mənəvi baxımdan sındırmağa, məhv etməyə çalışır: "Lukaşenkonun iddiasından qabaq qeyd edim ki, uyğurlara qarşı sadəcə fiziki təzyiqdən istifadə edilmir, həm də mənəvi təhqirlərə məruz qalırlar. Təsəvvür edin, hər bir uyğur ailəsində çinli kişi yaşayır. Guya, həmin çinli uyğur ailəsinə Çin ölkəsinin qayda-qanunlarını, "mədəniyyətini" öyrədir. Yəni uyğurları assimilyasiya etmək üçün hər yola baş vururlar. Bunu heç almanlar soyqırıma məruz qoyduqları yəhudilər üzərində etmirdilər. Əslində indiki məqamda Belarus prezidentinin belə çıxış etməsinin səbəbi bəllidir. Lukaşenkonun məqsədi Çini Rusiya və Belarusun yanına çəkməkdir. Sırf Pekinə xoş getsin deyə bu tipli açıqlamalar verir. Ancaq ümumən götürəndə uyğur türkləri və Tibet məsələsində ABŞ-nin öz maraqlarını güdməsi sirr deyil. Amerika hər bir regionda öz maraqlarından çıxış edir. Amma bu, qətiyyən Çindəki hakimiyyətin ədalətsiz olmadığı anlamına gəlmir və Pekinin hərəkətlərinə bəraət qazandırmır".