Peruda tapılan mumiya ölkəni silkələyib 



  Tarixi minillərə dayanan mumiyanı oğurlayan kuryer onun dindar bir qıza məxsus olduğunu düşünürmüş. Tədqiqat zamanı isə  məlum olub ki, kuryer əbəs yerə zəhmət çəkib. Mumiya heç də onun düşündüyü kimi dindar qıza deyil, orta yaşlı kişiyə məxsusdur. Bu barədə “Milliyet.com” "BBC Türkcə"yə istinadən məlumat yayıb. Mumiyanın ən az 600 il yaşı olduğu bildirilir. Mumiya Peruda arxeoloji qazıntı aparılan ərazidən oğurlanıb. Polis şübhəlini yaxalamaq üçün əməliyyat keçirib. Əməliyyatla yaxalanan oğrunun kuryer olduğu aydınlaşıb. Bu şəxs qazıntı aparılan yerə gəlib, sərxoş vəziyyətdə oğurluq edib. Oğurladığı mumiyanı soyuducu qutunun içində gizlədib. Polisə yaxalanan kuryer oğurladğı mumiyanın bir qıza aid olduğunu, üstəlik də “qız”ın dindar birisi olduğundan onu evinə gətirdiyini deyib. Dostlarının yanında öyünmək üçün qutudakı qızın sevgilisi olduğunu söyləyəcəkmiş. Bunun üçün də qutunu yanında daşımaq istəyib. Kuryer mumiyaya “Juanita” adını verib. Saxlanılan şəxs hətta mumiyanın ilk sahibinin atası olduğuna da polisləri inandırmağa çalışıb. Mütəxəssislər isə adamı sakitləşdirmək üçün tapılan mumiyanın bir qıza deyil, orta yaşlı bir kişiyə aid olduğunu söyləyiblər. Mumiyanın boyu 1,51 metrdir. Ölmüş adam  ispaniyalıların Cənubi Amerikaya köçündən əvvəlki dönəmlərdə mövcud olan qaydalara əsasən tənziflə sarınaraq mumiyalanıb. Məlumdur ki, Peruda yerli əhali ölüləri mumiyalayırmış. Bəzi mumiyalar dəfn edilir, bəziləri isə festivallarda küçə-küçə gəzdirilib. Polis tapılan mumiyanı Mədəniyyət Nazirliyinə təhvil verib. Oğurluqda iştirak edən kuryer və dostu isə nəzarət altına alınıb. Onlar Perunun mədəni irsinə qarşı cinayət əməli törətməkdə təqsirləndirilirlər.