Rusiya İrana sətiraltı mesajlar verir


Çünki Bakı-Tehran gərginliyi Şimal-Cənub Dəhlizinin işləkliyini və effektivliyini sual altına alır

  "Rusiya Hindistan və İranla həmtəsisçi statusunda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin axarını müəyyən edən əsas oyunçudur". Bunu siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspertin sözlərinə görə, Ukraynadakı müharibə ilə qlobal tədarük zəncirlərinin risk altına düşməsi, Rusiyanın ağır iqtisadi çətinliklərlə üzləşməsi Moskvanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin istiqamətlərini şaxələndirmək ehtiyacı ilə üz-üzə qoyur: "Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut üzrə çatdırılma vaxtı altı həftədən artıqdır, Şimal-Cənub vasitəsilə üç həftə olması gözlənilir. Bu dəhliz İran ilə Hind okeanını və Fars körfəzini Xəzər dənizinə, daha sonra Sankt-Peterburqa və Şimali Avropaya birləşdirir. Dəhliz Şimali və Qərbi Avropa-Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur. 

Həmin üç istiqamət bunlardır -  Qafqaz-Fars körfəzi cəbhəsi, Mərkəzi Asiya-Fars körfəzi istiqaməti və Xəzər dənizi-İran-Fars körfəzidir. Bu, dəhlizin orta zolağını təşkil edir. Azərbaycan üçün Şimal-Cənub marşrutu Zəngəzur dəhlizi layihəsi fonunda xüsusi əhəmiyyətə malikdir. Bakı Zəngəzur koridoru proyektini Şərq-Qərb Nəqliyyat Dəhlizi ilə yanaşı, Şimal-Cənub oxuna da inteqrasiya etməyi planlaşdırır. Bir əldə iki dəhlizi saxlamaq Azərbaycanın strateji önəmini dəfələrlə artıracaq, bundan isə ən çox narahat olan İran-Hindistan tandemidir". 

  A.Kərimov vurğulayıb ki, İran və Hindistan Şimal-Cənub Nəqliyyat Dəhlizini qlobal çərçivədə geostrateji layihə kimi elə şəkilləndirmək istəyirlər ki, Azərbaycan bundan yalnız iqtisadi faydalar üçün yararlansın, geostrateji məqsədlər üçün istifadə edə bilməsin: 

"Ancaq Cənubi Qafqazdakı reallıqlar fərqli mənzərəni ortaya qoyur. Bakının Şimal-Cənub zəncirindəki mühüm həlqəyə çevrilməsi Rusiyanın həmin marşrut üzrə Azərbaycanın maraqlarını öndə tutmasına səbəb verir. Sergey Lavrov fevralın 28-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında dedi ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması və yanacaq-energetika sektoru daxil olmaqla, digər layihələrin reallaşdırılması regionun dünya miqyasında əhəmiyyətini artıracaq. Rusiya bir növ İrana diplomatik şəkildə sətiraltı mesajlar verir. Çünki Tehranın Bakı ilə gərgin münasibətləri Moskvanın bu dəhliz üzrə istəklərinə qarşı çevrilir. Moskva İrana xəbərdarlıq ünvanlayır ki, Bakı ilə münasibətləri yenidən nəzərdən keçirsin və onu pozitiv istiqamətdə inkişaf etdirsin. Çünki Bakı-Tehran gərginliyi Şimal-Cənub Dəhlizinin işləkliyini və effektivliyini sual altına alır, hərçənd ki, Azərbaycanla İran arasında həmin layihə üzrə razılaşmalar da var.

  Ancaq İran üzərinə düşən texniki öhdəlikləri icra etmir. Məsələn, Tehran Rəşt-Astara dəmir yolunun tikintisini yubadır. Belə vəziyyət Rusiya üçün məqbul variant deyil. 

Üstəgəl, Bakı ilə Tehran arasındakı diplomatik xətlərin qırılması da əlavə problemlər yaradır. Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən terror hücumundan sonra qırılan əlaqələr Rusiyanın Şimal-Cənub Dəhlizi üzrə parametrlərinin önündə əngəldir. Bu mənada Azərbaycanla İranın yaxın zamanlarda diplomatik təmaslara keçəcəyi istisna deyil. Ancaq İranın Azərbaycanla bağlı konseptual baxışları dəyişməyəcək və yenə ənənəvi problemlər zühur edəcək".