Fransa dövləti uzun illər ərzində xalqları istismar edib

Korsika dilinin qadağan edilməsi insan hüquqlarına tamamilə ziddir


  Fransanın Korsika adasında korsikan dilinin istifadəsi qadağan olunub. Bu barədə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn tviterdə bildirib. BMT-nin rəsmisi vurğulayıb ki, Korsikada yalnız fransızcanın istifadəsinə icazə ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır: "İngiliscə dövlət universitetlərində istifadə olunduğu halda korsikan dili yasaqlanıb". Məhkəmə həmçinin bu qənaətə gəlib ki, "Korsika xalqı" ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına ziddir. Fransa bir müddətdir ki, Qarabağ məsələsində Azərbaycanın daxili işlərinə müxtəlif yollarla müdaxilə etməyə çalışır. 

Arxasında çirkli pulların, korrupsiya gəlirlərinin, seçki maraqlarının dayandığı bu siyasəti rəsmi Paris "bəşəri dəyərlər"lə, "humanizm prinsipləri" və "insan hüquqları" ilə pərdələməyə çalışıb. Lakin Korsika adasında qəbul edilmiş məhkəmə qərarı Fransanın bu dəyərləri necə istismar etdiyini bir daha ifşa etdi. İtaliya dili ilə oxşarlıqları olan Korsika dili adadakı 150 min sakinin ana dilidir və UNESCO tərəfindən ölmək təhlükəsi ilə üzləşmiş dil kimi təsnif edilir. 

Əslində məhkəmənin qərarı özünü "demokratiyanın beşiyi" kimi qələmə verən Fransanın dili yox olmaq təhlükəsi ilə üzləşmiş korsikalıları assimilyasiya etmək, adadan didərgin salmaq, adanı boşaldaraq özünə qarşı olan müqaviməti qırmağa çalışmaq siyasətinin davamıdır. Bu siyasət bir əsrdən çoxdur ki, sistematik şəkildə aparılır. Bundan başqa, Fransanın tətbiq etdiyi iqtisadi siyasət adanın yerli ixracını məhv edir, yoxsullaşmış sakinləri Fransaya, Amerikaya köçməyə məcbur edir. Ötən əsrin ortalarında isə adada yeraltı atom bombası sınaqları keçirilir və sakinlər növbəti dəfə köç etməyə məcbur edilirlər. Bu, həmin Fransadır ki, Qarabağ separatçılarına dəstək verir, onları motivasiya edir, aşkar-gizli dəstəkləyir. Əgər Fransa haqqında danışdığı dəyərlərə sadiqdirsə, diqqətini əvvəlcə Korsika adasına yönəltməlidir. Çünki korsikalıların azadlıq mübarizəsinin tarixi Qarabağdakı erməni separatizmi kimi 30 il tarixə malik deyil, yüz illər geriyə gedir. 

  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Şərq"ə açıqlamasında bildirib ki, Fransa dövləti uzun illər ərzində bir çox yeri işğal edib, xalqları istismar edib. Hüquq müdafiəçisi deyib ki, Fransanın uzun müddət işğalda saxladığı Əlcəzairdə törətdikləri heç zaman tarixdən silinməyəcək:

 "Fransa hətta müasir dövrdə bir çox adaları işğalda saxlayır. Korsika ilə bağlı Fransanın qərarı, yəni bütöv bir xalqın dilinin qadağan edilməsi insan hüquqlarına tamamilə ziddir. Birləşmiş Millətlər Təşkilatı sözçüsünün bununla bağlı bəyanatı da göstərir ki, qərar çox ciddi fəsadlara gətirib çıxaracaq. Müasir Avropada insan hüquqlarından dəm vuran Fransa insanların hüquq və azadlıqlarına qadağa qoymaqla, onlara öz dillərində danışmağı qadağan etməklə beynəlxalq hüququ pozur. BMT tərəfindən etirazın dilə gətirilməsi, bəyanat şəklində dünyaya çatdırılması Fransa ilə qlobal təşkilatlar arasında ziddiyyətlərə səbəb olacaq". 

  Ç.Qənizadə vurğulayıb ki, Azərbaycan öz ərazisində yaşayan xalqlara böyük hörmət və ehtiramla yanaşır, onların hüquq və azaqlıqlarına həssaslıq göstərir. Onların dilində məktəblərin, mətbuatın və öz mədəniyyətlərinin inkişaf etməsində dəstək verir:

 "Buna rəğmən, Fransa Azərbaycanı əsassız ittiham edir, Qarabağda yaşayan erməniləri, azacıq toplumu "blokadaya" salmaqda suçlayır. Şübhəsiz, bu, ikili yanaşmanın təzahürüdür. Azərbaycana qarşı bu cür yanaşmanın başında Fransa dayanır. 21-ci əsrdə bütöv bir xalqın dilinin, adının qadağan edilməsi o deməkdir ki, Fransa "öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır". Fransanın işğalçılıq siyasətinin, insan hüquq və azadlıqlarına verdiyi qiymət Korsika xalqının dilinin qadağan edilməsi ilə öz təsdiqini tapmış oldu. Fransanın bu cür yanaşması azsaylı xalqlara qarşı ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır. Fransanın dünyada baş verən hadisələrə, xalqlara münasibəti beynəlxalq hüquqa yox, Makron hakimiyyətinin daxili siyasətinə əsaslanır. Əgər bütün dünya beynəlxalq hüququn hər şeydən üstün olduğunu qəbul edirsə, Fransa bu cür çirkin siyasətindən əl çəkməli və beynəlxalq hüququ rəhbər tutmalıdır".