Lavrov: "Ermənistan KTMT missiyasının yerləşdirilməsindən faydalana bilərdi”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının yerləşdirilməsindən faydalana bilərdi”.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Tsarıqrad” telekanalına müsahibəsində bildirib.
O, təşkilatın Ermənistana kömək etməyə hazır olduğunu deyib: “KTMT-nin 2022-ci ilin payızında İrəvanda keçirilən sammitində erməni müttəfiqlərimizin xahişi ilə Ermənistan ərazisində KTMT-nin müşahidəçi missiyası hərbi hissəsinin yerləşdirilməsi ilə bağlı sənəd hazırlanmışdı. Sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırıldı. Sonra son anda sammitin özündə erməni dostlar onun qəbulunu təxirə salmağı xahiş etdilər. İndiyədək də kağız şəklində qalır və həyata keçməyib”.
S.Lavrov deyib ki, əgər İrəvan artıq razılaşdırılmış şeyi təsdiqləsəydi və imzalanmağa, qüvvəyə minməyə hazır olsaydı, Ermənistan daha sabit vəziyyət qazanar və udardı.
Xatırladaq ki, aprelin 13-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə KTMT missiyasını qəbul etməyə hazır olduqlarını və bu istiqamətdə müzakirələrin davam etdiyini demişdi.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada rusiyalı həmkarı ilə birgə mətbuat konfransında da qeyd etmişdi ki, KTMT missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunur, layihə üzərində iş davam edir.