Sabiq məhkumların məşğulluğu - dəyirmi masa keçirilib

Cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun artırılması mövzusunda dəyirmi masa keçirildi.

“Vətəndaş  Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi” Avropa İttifaqı və BMT İnkişaf  Proqramının dəstəyi ilə “Keçmiş məhkumların məşğulluğunu artırmaqla təkrar cinayətkarlığın azaldılması” layihəsinin icrasını yekunlaşdırmışdır. Layihə çərçivəsində bir sıra ictimai dəstək alətlərindən istifadə olunmuş, bir neçə istiqamətdə fəaliyyətlər həyata keçirilmişdir. Təşkil olunan Dəyirmi Masada bir çox dövlət qurumları və vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən Ombudsman Aparatı, Daxili İşlər Nazirliyi, Milli QHT Forumu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Hüquq və İnsan Haqları İnstitutu  təmsilçiləri iştirak etmişlər. Tədbirdə ilk olaraq layihənin icrası  zamanı  görülmüş işlər təqdim olunmuşdur. 

VCU Məşğulluq orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin öyrənilməsi məqsədilə qurumun internet resursunda monitorinq aparmış, informasiya sorğuları vermiş, eləcə də Agentliyin Gəncə və Göyçay Peşə təhsili mərkəzlərinə başçəkmələr həyata keçirmişdir. Qeyd olunmuşdur ki, peşə təhsilinə cəlb olunan keçmiş məhkumların statistikasının aparılmaması bu sahədə görülən işlərin  ölçülməsinə imkan vermir.

VCU eyni zamanda cəzaçəkmə müəssisələrində informasiya sessiyaları keçirmiş, azadlığa çıxmağa hazırlaşan məhkumlarla preventiv hazırlıq işləri aparmış, keçmiş məhkumların sosial adaptasiya proqramı, məşğulluq imkanları , qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər barədə geniş məlumatlar verilmişdir. Təqdimat zamanı, həmçinin aparılmış sosioloji tədqiqatın nəticələri açıqlanmış, nəşr olunmuş maarifləndirici materiallar nümayiş etdirilmişdir.

Dəyirmi Masada çıxış edən şəxslər layihə çərçivəsində görülən işlərin, eləcə də problemin gündəmə gətirilməsinin vacibliyini, ölkəmizdə təkrar cinayətkarlığın qarşısının alınmasının əsas açarının keçmiş məhkumların məşğulluğunun təminatı olduğunu vurğulamış, bir sıra mühüm təkliflər irəli sürmüşlər. VCU rəhbəri Rafiq İsmayılov səslənən təkliflərin gələcək fəaliyyətlərində nəzərə alınacağını, bu sahədə davamlı iş aparılacağını bildirmişdir. Qeyd olunmuşdur ki, Mərkəz hazırda keçmiş məhkumların üçün peşə təhsili bazasının yaradılması layihəsi üzərində işləyir, bununla bağlı müvafiq dövlət qurumları ilə danışıqlar aparır.