Reuters: Bayden Yaponiya və Cənubi Koreya liderlərini ABŞ-da üçtərəfli görüşə dəvət edib

ABŞ prezidenti Co Bayden Koreya Respublikası və Yaponiya liderləri Yun Seok-yeol və Fumio Kişini Vaşinqtonda növbəti üçtərəfli görüşə dəvət edib.

APA xəbər verir ki, bu barədə bazar günü yüksək rütbəli ABŞ rəsmisinə istinadən Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Amerika lideri belə bir dəvəti Xirosimada “Yeddilik Qrupu”nun sammiti çərçivəsində keçirilən üçtərəfli görüş zamanı edib.

Yonhap Xəbər Agentliyinin verdiyi məlumata görə isə, liderlərin hazırkı danışıqlarda Koreya yarımadasının nüvə problemi və təchizat zəncirlərində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, son üçtərəfli sammit altı ay əvvəl Kambocada baş tutub.