Amerikanın iki generalı İrəvanda 

Məqsəd Ermənistanı KTMT-dən çıxmağa təşviq etməkdir

“Qərb Paşinyanı Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmasına və Rusiyanın orbitindən çıxmağa çağırır
 

  "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir. Təşkilat Ermənistan sərhədlərini müəyyən etməyib və bu məsələ həll olunandan sonra mövcud problemlərin 90 faizi aradan qaldırılacaq". Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında danışıb. Baş nazir Ermənistanın hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qırğızıstanda keçiriləcək hərbi təlimlərində iştirakla bağlı yekun qərar vermədiyini də açıqlayıb: "KTMT ilə münasibətlərə gəldikdə isə bizə elə gəlir ki, bu təşkilat Ermənistana girmək əvəzinə buradan çıxır. 

Ermənistan bu barədə o zaman de-yure qərar qəbul edəcək ki, KTMT-nin Ermənistandan çıxdığını müşahidə edəcək, yəni onun öz öhdəliklərini yerinə yetirmədiyi baş verəcək". Paşinyan çıxışında həmçinin ölkəsinin Qərblə münasibətlərinə, bu münasibətlərin Rusiyada doğurduğu reaksiyaya da münasibət bildirib. O vurğulayıb ki, Qərbdən Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqla bağlı hansısa siqnallar almayıblar: "Hesab etmirəm ki, belə siqnallar ola bilər. İkitərəfli münasibətlərin inkişafı ilə bağlı siqnallar ola bilər". Paşinyan əlavə edib ki, tərəfdaşlarla münasibətləri çox şəffaf şəkildə müzakirə edirlər. Hökumət başçısı çıxışında Rusiyanın üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərə riayət etmədiyinə də eyham vurub: “Ermənistan üçtərəfli bəyanatı imzalayıb və bu bəyanatda Laçın dəhlizinin Rusiya Sülhməramlı Kontingentinin nəzarətində olması qeyd olunub. Dəhlizdə qurulan "qanunsuz keçid məntəqəsi" isə məhz bu öhdəliyin pozulmasıdır, yəni Rusiya Laçın dəhlizinə nəzarəti saxlamalıdır. İstəməzdim ki, Qərbin hansısa bəyanatı Rusiya ilə münasibətlərimizdə əsas və ya mühüm faktora çevrilsin". 

  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, KTMT əvvəllər müxtəlif situasiyalarda öz effektivliyini nümayiş etdirmiş və daha da inkişaf etmək üçün potensiala malik olan təşkilatdır. Onun sözlərinə görə, Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövzusunda dialoqu davam etdirəcək: "Bu təşkilat səmərəlidir və inkişaf potensialına malikdir". Rusiya Xarici İşlər Nazirliyi bir qədər əvvəl qeyd edib ki, İrəvan KTMT missiyası istiqamətində işi məntiqi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyə üstünlük verib.

Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya "NATO-su" adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasının zəruriliyini vurğulayıb. Partiya təmsilçisi bildirib ki, Qarabağ münaqişəsi bitdiyi üçün KTMT Ermənistan üçün heç bir perspektiv vəd etmir:

 "Bu təşkilat Qərbə inteqrasiyanın qarşısının alınmasında əsas baryerdi. Artıq Rusiya da etiraf edir ki, Qərb Ermənistanı KTMT-dən çıxmağa, hərbi bazaları bağlamağa məcbur edir. Yeni dünya nizamında Rusiya Ermənistanın təhlükəsizliyinə zəmanət verəcək imkanlara malik deyil. Məhz Rusiya Ermənistanın təhlükəsizliyinə "cavabdeh" olmaqla Qarabağın işğalına zəmin yaratmışdı. Paşinyanın KTMT-dən çıxmaq üçün prosedurlara başlaması mümkündür. Rusiya hərbi bazalarının çıxarılmasına gəldikdə, bu, Rusiya-Ukrayna müharibəsində Moskvanın məğlub olmasından asılı olacaq. Hazırda Amerikanın iki generalı İrəvanda səfərdədir. Səfərin məqsədi Ermənistanı təşkilatdan çıxmağa təşviq etməkdir. Qərb Paşinyandan Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmasını və Rusiyanın orbitindən çıxmasını tələb edir. Bu istiqamətdə İrəvana siyasi dəstək verir. Ermənistan rəhbərliyinin izlədiyi siyasi kurs Rusiya orbitindən çıxmaqla Qərbə yaxınlaşmaqdır. Bu siyasi yaxınlaşma məhz Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçir. Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlayarsa, müstəqilliyi artacaq və Moskvadan asılı vəziyyətə düşməyəcək. Əlbəttə, bunun müqabilində Moskvanın Ermənistanda terror və hərbi çevrilişə cəhd etməsi də mümkündür. O baxımdan Qərb Paşinyana Azərbaycanla sülh müqaviləsinin bağlanmasında siyasi və təhlükəsizlik zəmanəti də verir".