Əhməd İsmayılov: Seçkilərin işıqlandırılmasında iştirak edən media subyektlərinə lazımi şərait yaradılıb

Növbədənkənar parlament seçkilərinin işıqlandırılması prosesində iştirak edən media subyektlərinin peşəkar funksiyasını uğurla yerinə yetirməsi üçün bütün lazımi şərait yaradılıb.

"Sherg.az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.

O qeyd edib ki, media subyektlərinin sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Medianın İnkişafı Agentliyi Mərkəzi Seçki Komissiyası ilə birlikdə koordinasiyalı fəaliyyət göstərilir:

"Azərbaycanın peşəkar jurnalistləri bir tərəfdən cəmiyyətin ictimai əhəmiyyətli informasiya ilə təmin edilməsində, digər tərəfdən ölkəmizin informasiya mühitini çirkləndirmək cəhdlərinin qarşısının alınmasında, müxtəlif yönləndirici manipulyasiyaların vaxtında müəyyənləşdirilib, təsir dairəsinin minimuma endirilməsində fəallıq göstərir, ölkəmizə qarşı yönəlmiş dezinformasiya hücumlarına cavab vermək baxımdan daim təşəbbüskar mövqedən çıxış edirlər. Bu da dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər ərəfəsində mediamızın məsuliyyətini, baş verənlərə çevik reaksiyasını daha da artırır. Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq".

Ə. İsmayılov vurğulayıb ki, Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qayda da aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır:

"Bu qəbildən olan təhdidlərin təsir dairəsinin azaldılmasında Azərbaycanın ciddi media subyektlərinin çevik dəstəyi həmişə vacibdir. Xüsusi vurğulamaq istərdik ki, informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq media etikasının tələblərini müntəzəm qaydada pozan, dəqiqləşdirilməmiş, qərəzli məlumatlar yayan dairələr ölkəmizin media ictimaiyyəti tərəfindən daim qınanılmış və informasiya mühitinin sağlamlaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin fəaliyyət strategiyasına dəstək nümayiş etdirilib".

İcraçı direktor xatırladıb ki, “Media haqqında” qanuna əsasən media subyektlərinin seçkiqabağı və referendumqabağı təşviqatla bağlı fəaliyyətinin xüsusiyyətləri Seçki Məcəlləsi ilə tənzimlənir:

"Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədir. Ölkəmizin ictimai-siyasi həyatı və beynəlxalq imici üçün mühüm əhəmiyyət daşıyan tədbirlər zamanı öz funksiyasını yüksək peşəkarlıqla yerinə yetirərək zəngin təcrübə toplamış Azərbaycan mediasının Milli Məclisə növbədənkənar seçkilərin də işıqlandırılması zamanı eyni peşəkarlığı nümayiş etdirəcəyinə əminliyimizi bildirmək istərdik".