Rusiyanın müdafiə naziri Şoyqu üsyandan sonra Ukraynada  göründü

Rusiya dövlət televiziyası "Vaqner" üsyanından sonra ilk dəfə müdafiə naziri Sergey Şoyqunun görüntülərini yayımlayıb. Vaqnerin lideri Yevgeni Priqojinin hədəfi rus əsgərlərini yoxlayarkən görünür.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, görüntüləri Rusiya Müdafiə Nazirliyi paylaşıb. Ancaq kadrların nə vaxt və harada çəkildiyi məlum deyil.

Rusiyanın RİA xəbər agentliyinin məlumatına görə, Şoyqu Ukraynada rus əsgərlərinə baş çəkib.

Priqojinin 24 saatlıq silahlı üsyanından sonra Şoyqunun vəzifədə qalıb-qalmaması ilə bağlı müzakirələr gündəmə gəlib.

Televiziyada yayımlanan görüntülər Rusiya müdafiə nazirinin vəzifə başında olduğuna işarə kimi şərh edilib.

Qeyd edək ki, Priqojinin muzdluları şənbə günü Moskvaya yürüş etdilər. Tanklarla paytaxta doğru irəliləyən təxminən 5 min nəfərlik qüvvə Moskvanın 200 kilometrliyində razılaşma ilə dayandırıldı.

Priqojinlə Moskva arasında əldə olunan razılaşmanın təfərrüatları məlum deyil. "Vaqner"in lideri qiyam qaldırarkən müdafiə nazirinin və Baş Qərargah rəisinin işdən çıxarılmasını tələb etmişdi.

Priqojinin harada olduğu bilinmir. Nəhayət, şənbə gecəsi Rostovdan çıxarkən görüntülənən "Vaqner"in liderinin razılaşmaya əsasən Belarusa gedəcəyi açıqlanıb.

Murad