Saxta dərmanlar problemə çevrilir

Diqqətli olmaq lazımdır

Onların böyük faizi inkişaf etmiş dövlətlərdə istehsal olunur

  Yeni araşdırmaya görə, Afrikada dərmanların beşdə biri keyfiyyətsiz və ya saxta ola bilər. Bu, qitədə saysız-hesabsız xəstələrin ölümünə səbəb ola biləcək məsələdir.
Xarici KİV-lər xəbər verir ki, Efiopiyadakı Bahir Dar Universitetinin tədqiqatçıları araşdırmaya daxil edilən 7508 dərman nümunəsindən 1639-nun ən azı bir keyfiyyət testindən keçdiyini, keyfiyyətsiz və ya saxta olduğunu təsdiqləyib.
Amsterdamda yerləşən qeyri-kommersiya təşkilatının tədqiqat direktoru Klaudia Martinez deyib ki, əgər xəstələr keyfiyyətsiz və ya tamamilə saxta dərmanlar alırlarsa, bu, müalicənin uğursuzluğuna və hətta ölümlərə səbəb ola bilər.
  BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin keçən il dərc etdiyi hesablamalara görə, saxta və keyfiyyətsiz dərmanların insan dəyəri Afrikada ildə 500.000 ölümə qədər yüksəkdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Afrikada ən çox saxtalaşdırılan dərmanların antibiotiklər və malyariyaya qarşı (malyariya əleyhinə) məhsullar olduğunu bildirib.
Araşdırmaya görə, Malavidə keyfiyyətsiz və saxta dərmanların ən yüksək nisbəti olduğu müəyyən edilib. Martinez bildirib ki, qitədə məhsulların paylanmasında çoxsaylı vasitəçilərin rolu keyfiyyətsiz və ya saxta dərmanların tədarük zəncirinə sızmasını asanlaşdırır.
  ÜST-nin əvvəlki araşdırması ilə inkişaf etməkdə olan ölkələrdə hər 10 tibbi məhsuldan birinin keyfiyyətsiz və ya saxta olduğu, keyfiyyətsiz və saxta dərmanlarla bağlı hesabatların 42 faizinin Afrikadan, 21 faizinin Amerikadan və 21 faizinin Avropadan gəldiyi müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanın dərman bazarında da vəziyyət heç ürəkçan deyil. İnsanlar bəzən lazımı dərmandan çox, istifadə etdikləri dərmanın saxta olduğunun fərqinə belə varmırlar. Halbuki dərman bazarının 30 faizi saxta məhsullardan ibarətdir. Elə bu səbəbdən də çox adam dərmandan istifadədən sonra sağlamlığının bərpa olunmadığından şikayət edir.
  Tibb eksperti, professor Adil Qeybullanın “Sherg.az"a açıqlamasına görə, saxta dərmanların böyük faizi inkişaf etmiş dövlətlərdə istehsal olunur və inkişaf etməkdə olan ölkələrin bazarlarında satışa çıxarılır. Ekspert həmçinin qeyd edib ki, saxta dərmanlar keyfiyyət parametri yetərincə olmayan, müəyyən standartlara cavab verməyən dərmanlardır. Onları həqiqilərindən fərqləndirmək çətindir:

 “Tədbirli işbazlar belə dərmanların zahirən orijinaldan fərqlənməməsi üçün onları yüksək peşəkarlıqla saxtalaşdırır. Bu cür dərman preparatları bəzən içində əsas təsiredici maddənin minimal olması və olmaması baxımından aldadıcı vasitədir. Bu dərman preparatlarının ölkəyə daxil olması onu gətirən firmanın üzərindədir. Hansı firma idxal edirsə, onunla əlaqədar məsuliyyət daşıyırlar. Bir məsələni nəzərə almaq lazımdır. Dərman təhlükəsizliyi məsələsi milli təhlükəsizlik konsepsiyasının bir tərkib hissəsidir. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Bizim uşaqlarımız və gənclərimiz millətin genefondunu təşkil edir. Bu dərmanlar maddələrini qəbul edirlər və diqqətdə saxlamaq lazımdır”.