Biz itiririk, Gürcüstan qazanır

Qonşu ölkə turizmdən rekord gəlir əldə edib

“İstənilən bəhanə ilə quru sərhədlərini bağlı saxlamaq ölkəmizin imicini də zədələyir. Bu məsələnin həlli zamanı çoxdan çatıb”

  Bu ilin birinci yarısında Gürcüstanda beynəlxalq turizmdən əldə olunan gəlirin həcmi rekorda - 1,9 milyard dollara çatıb. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
Gürcüstan Milli Bankının məlumatına görə, turizm gəlirləri aşağıdakı nisbətlərə görə bölünür: Rusiya - 380 milyon dollar, Türkiyə - 287 milyon dollar, AB və Böyük Britaniya - 246,3 milyon dollar, İsrail - 175,4 milyon dollar, Azərbaycan - 78,5 milyon dollar, Ukrayna - 69 milyon dollar, İran - 64,2 milyon dollar, Ermənistan - 64,1 milyon dollar, Belarus - 39 milyon dollar, Səudiyyə Ərəbistanı - 32,6 milyon dollar, digər ölkələr - 462 milyon dollar.
Bu ilin birinci yarısında Gürcüstana 3 milyon turist səfər edib. Ən çox səfər Türkiyə, Rusiya və Ermənistandan olub.
  İqtisadçı-ekspert Natiq Cəfərli isə “Sherg.az"a açıqlamasında deyib ki, ilin ilk 6 ayında Gürcüstan 3,1 mln. nəfərə yaxın turist cəlb edib, səfər edən turistlərin 62 faizi Gürcüstana quru sərhədlərlə gəlib. Türkiyə ilə quru sərhəddən 583 min (Sarp), Rusiya ilə quru sərhəddən 423 min (Kazbek), Ermənistan ilə quru sərhəddən 342 min (Sadaxlı) nəfər turist gəlib:

“Gürcüstanın bu ilin ilk yarısında turizm gəlirləri 2 mlrd. dollara yaxın olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur. Yəni qonşu ölkənin quru sərhədlərinin açıq olması Gürcüstana açıq-aşkar üstünlük gətirir, pul qazandırır, yeni iş yerlərinin yaranmasına dəstək olur. Bizdə isə quru sərhədlərinin bağlı olması böyük potensialı olan turizm sektorunun inkişafına mane olur. Qapalı sərhədlər ölkə əhalisinə ciddi psixoloji basqı yaratmaqla yanaşı, maddi qazanc imkanlarını da məhdudlaşdırır, iqtisadiyyata ziyan vurur. İstənilən bəhanə ilə quru sərhədlərini bağlı saxlamaq ölkəmizin imicini də zədələyir. Bu məsələnin həlli zamanı çoxdan çatıb”.