Balıqların yaddaşı həqiqətən üç saniyədirmi?

Alimlərin bu istiqamətdə apardığı tədqiqat həqiqəti ortaya çıxarıb

  “Balıq yaddaşı” ifadəsi yaddaşı zəif olanlar barədə işlədilir. İndiyədək belə bir fikir vardı ki, balıqların yaddaşı cəmi 3 saniyəlikdir. Alimlərin bu istiqamətdə apardığı tədqiqat balıqlarla bağlı həqiqəti ortaya çıxarıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, alimlər tədqiqat zamanı balıqların güclü hafizəyə - yaddaşa malik olduğunu sübut ediblər. Sidneydəki Macquarie Universitetində balıqların hafizə xüsusiyyətlərini araşdıran professor Culum Broun yapon balıqlarının və digər balıq növlərinin məkan və hətta həmcinsləri barədə qüsursuz bir hafizəyə sahib olduğunu təsdiq edib. Professor Broun tədqiqat zamanı göyqurşağı balıqlarının süni trol ağlarındakı dəstələrini bir il ərzində xatırlaya bildiklərini öyrənib. BBC-nin “Radio 4” - Naturebang adlı proqramına qonaq olan professor Broun “balıq və ya başqa bir canlı, fərq etməz, bu cür hafizə qabiliyyətinə malik olmayan hər hansı bir canlı dünyada uzun müddət yaşaya biıməz”, söyləyib. Balıqların hafizələri ilə bağlı bəlli fikrə qarşı çıxan C.Broun “əgər bu iddia doğru olsaydı, balıqlar yeni davranışlar öyrənə bilməz və ya ətraflarındakı dəyişikliklərə uyğunlaşa bilməzdilər. Lakin alimlər balıqların müdhiş öyrənmə qabiliyyətinə malik olduğunu illərdir bilir”, deyib. Professor deyib ki, balıqların balıqçıların qayığından suya atlanması buna sübutdur. Onlar öz yaddaşları sayəsində balıqçı qayığından atlanır və balıqçıların əlindən xilas olurlar. Alim göyqurşağı balığının qaçışı üçün dəlik açıb, təcrübə zamanı bütün balıqlar məhz bu dəlikdən keçərək xilas olublar. Ən təəccüblüsü isə budur ki, 11 ay sonra eyni təcrübə təkrarlandıqda, balıqlar yenə həmin dəlikdən keçərək xilas olublar. Alim qeyd edib ki, balıqlar illərlə müxtəlif dənizlərdə üzür, kürü tökmək üçünsə ilk dəfə harada kürü töküblərsə, ora gəlirlər. “Dəniz anaları” – meduzalar, ağıllı balıqlar da bu qəbildəndir. 2023-cü ildə elm aləminə məlum olub ki, meduzalar mərkəzi beyin sistemi olmamasına rəğmən qarşılarındakı əngəlləri, baryerləri təsbit edə bilir və bunlardan yayınmağı bacarır. Onlar bu üstünlüyü gözləri sayəsində əldə edir. Karib dənizi meduzası 24 gözdən ibarət görmə sisteminə malikdir. Bunu Kopenhagen Universitetinin alimləri kəşf edib və onların bu tapıntısı heyvanların qarışıqlığı ayırd etmələri üçün mərkəzi beyinlərinin olması şərtini sıradan çıxarır. Alimlər heyvanların bu dərəcədə sürətli adaptasiya imkanlarının olmasını heyrətamiz hesab edirlər. “Labroides dimidiatus” cinsindən olan balıq isə hafizəsi ilə dünyanı heyrətləndirib. Bu balıq fotoda özünü tanıyıb, bununla da, üstün zəkaya sahib olduğunu təsdiq edib.