Regionların inkişafında turizmin payı danılmazdır

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Bu sektora təkan verməklə regionlarda iqtisadi inkişafı daha da sürətləndirə bilərik

“Yetər ki fərman və sərəncamlardan irəli gələn tapşırıqlar yerlərdə düzgün və zamanında icra edilsin. Ölkəmiz zəngin mineral su mənbələrinə malikdir”

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”ni təsdiq etməsi, həmçinin, "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında" fərman imzalaması dövlət başçısının regionların sosial-iqtisadi inkişafına xüsusi önəm verdiyini təsdiq edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməmişdən öncə də Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair 5 illik Dövlət Proqramlarının qəbul edilməsi və icrasına dair sərəncamlar imzalayıb. Məhz bu proqramların icrası nəticəsində regionlarda iqtisadi inkişafa nail olunub, yeni sənaye müəssisələri açılıb, istehsal artıb, əhalinin sosial vəziyyəti yaxşılaşıb. Eyni zamanda regionlarda başlanan iqtisadi tərəqqi turizm sektorunun inkişafına da müsbət təsir edib. Qarabağ və ətraf bölgələr cənab Prezidentin rəhbərliyi ilə ordumuz tərəfindən işğaldan azad edildikdən sonra isə bu ərazilərdə başlanan nəhəng tikinti-quruculuq, abadlıq işlərinə bütün dünya şahidlik edir. Məlumdur ki, Ermənistan Silahlı Qüvvələrinin ərazilərimizin işğalı nəticəsində Qarabağ və ətraf bölgələrdə mövcud olan müalicəvi əhəmiyyətli mineral su mənbələri, turizm obyektləri də vəhşicəsinə dağıdıldı, təbii ehtiyatlarımız erməni vandalizminin qurbanı oldu. İndi isə azad Qarabağın ikinci baharı başlayıb. Və bu dirçəliş özünü turizm obyektlərinin yenidən qurulmasında da göstərir. Cənab Prezidentin "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında" imzaladığı fərman da buna sübutdur. Fərmanla müəyyən edilib ki, Mərkəz Azərbaycanda turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Dövlət başçısının imzaladığı fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Əsasnaməyə uyğun olaraq turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını altı ay müddətində təsdiq edib ölkə Prezidentinə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Dövlət Turizm Agentliyi isə Əsasnamədə nəzərdə tutulmuş normativ hüquqi aktları altı ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi” "Turizm haqqında” qanuna uyğun olaraq hazırlanıb, turizm və rekreasiya zonalarının yaradılması, idarə edilməsi, turizm mərkəzlərinin formalaşdırılması, eləcə də turizm mərkəzlərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.
  İqtisadçı Xalid Kərimli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, məlum fərman və sərəncamlar Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, ölkəmizin digər bölgələrində də turizmin sektoruna təkan verməklə regionlarda iqtisadi inkişafı daha da sürətləndirə bilər:

"Regionların inkişafında turizm sektorunun payı danılmazdır. Yetər ki, fərman və sərəncamlardan irəli gələn tapşırıqlar yerlərdə düzgün və zamanında icra edilsin. Ölkəmiz zəngin mineral su mənbələrinə malikdir. Məlumdur ki, hələ sovet illərində Kəlbəcər, Laçın, Şuşa, Naxçıvan, İsmayıllı, ümumiyyətlə, bir çox regionlarımız mineral su mənbələri ilə tanınırdı, kurort, sanatoriya şəbəkəsi fəaliyyət göstərirdi. Bunların bir qismi məlum səbəblərdən 1980-ci illərin sonları, 90-cı illərin əvvəllərində dağıdıldı, fəaliyyətləri dayandı. 30 ilə yaxın bir müddətdə isə erməni separatçıları təbii ehtiyatlarımızı darmadağın etdilər. Amma artıq Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib. Cənab Prezidentin imzaladığı məlum fərman da ölkəmizdə rekreasiya zonalarının yaradılması və faydalı fəaliyyətinin təşkili məqsədi daşıyır. Rekreasiya nədir? Bu, təbiət qoynunda istirahətdir. Turist gəzintiləri, eko-turizm, haykinq, müalicə turizmi, sağlamlığın, əmək qabiliyyətinin bərpa olunması... bunlar hamısı rekreasiyaya daxildir. Rekreasiya zonaları quruda da ola bilər, su hövzələrində, dağətəyi zonalarda, çay kənarında, bulaqlar olan yerlərdə, meşəlik ərazilərdə də. Belə yerlərdə istirahət mərkəzləri tikilir, məhz sağlamlıq və müalicə məqsədilə gələn turistlərin, yerli əhalinin istirahətlə bərabər müalicə alması üçün lazımi şərait yaradılır. Belə məkanlarda mütləq tibb mərkəzləri də olur. Müraciət edənlərin tibbi müayinədən keçirilməsi və uyğun proqram tərtib edilməsi təmin edilir. Turistlər parklarda, qoruq ərazilərində gəzir, istirahət edir, eyni zamanda idmanla məşğul olur, mərkəzin fəaliyyət istiqamətinə uyğun naharla təmin edilirlər. Rekreasiya meşələrində xüsusi yollar, cığırlar şəbəkəsi də planlaşdırılır. Rekreasiya zonalarının yaradılması və dünyanın müxtəlif ölkələrindən həm eko-turizm həvəskarlarının, həm də müalicə məqsədilə gəlmək istəyənlər üçün bizim hər cür imkanımız var. Rekreasiya zonaları bütün ölkə ərazisində yaradıla bilər. Təkcə, Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilan, Qubadlıda yox, eləcə də İsmayıllı, Şəki, Qax, Lənkəran, Astara və sair bölgələrdə. Azərbaycanın təbiəti elədir ki, istənilən zonada istirahət üçün də, sanatoriya-kurort mərkəzlərinin yaradılması üçün də münbit şərait mövcuddur. Məsələn, götürək elə Naftalan şəhərini. Bilirsiniz ki, Naftalan vannaları bir çox xəstəliklərin müalicəsində effektiv vasitə hesab olunur. Sadəcə, bunları dünyada daha çox təbliğ etmək, tanıtmaq və müasir standartlara uyğun şərait yaratmaq lazımdır. Laçında İlıqsu bulağı məşhurdur. Bulaq dəniz səviyyəsindən1600 metr hündürlükdə Minkənd və Əhmədli kəndlərinin ərazilərində yerləşir. Bu kəndlərin ərazisində onlarla Narzan tipli soyuq mineral su bulaqları var. Müalicəvi sulardır bunlar. Naxçıvan Muxtar Respublikasında 200-dən çox müxtəlif tərkibli mineral su mənbələri var. Naxçıvanın “Sirab”, “Qahab”, “Vayxır”, “Qızılburun”, “Darıdağ” kimi mineral suları çox məşhurdur. Naxçıvanın “Əshabi-kəhf” mineral suyu radonla zəngindir. Bu su məşhur Pyatiqorsk (Şimali Qafqaz) suyunun analoqu olmaqla yanaşı, sinir, ürək-damar və revmatizm xəstəliklərinin müalicəsində çox səmərəlidir. Şabranda, böyrək ağrılarının müalicəsində istifadə olunan “Qalaaltı” suyu məşhurdur. Masallı, Gədəbəydə də rekreasiya zonalarının yaradılması tamamilə mümkündür. Laçın-Kəlbəcər bölgəsinin 63 bulağı Kiçik Qafqaz dağlarının mərkəz hissəsində, dəniz səviyyəsindən 1500-2800 metr hündürlükdə yerləşən, olduqca qiymətli, kurortların tikilməsi və sənaye zavodlarının inşası üçün əhəmiyyətli olan mineral su yataqlarıdır. Bunlardan Yuxarı istisu, Aşağı istisu, Qoturlu, Çərəktar, İlıqsu, Turşsu və digər bu kimi mineral bulaqları xüsusi qeyd etmək olar. Şuşanın özündə, bilirsiz ki, İsa bulağı məşhurdur. Orada da müxtəlif kimyəvi tərkibli mineral sular axır, Şuşanın elə havası nəyə desəniz dəyər. Kəlbəcərdəki İstisu haqqında əlavə izaha ehtiyac yoxdur. Vaxtilə yerli əhali də, başqa ölkələrdən gələnlər də bu sudan içib sanatoriyada müalicə olunub qayıdırdılar. Ölkəmizin coğrafi mövqeyi, təbiəti, təbii ehtiyatları, mineral suları turizmin inkişafı üçün münbit mənbədir. Bu zənginlikdən lazımi şəkildə istifadə edilərsə, regionların iqtisadi inkişafına böyük töhfə olar. Dövlət başçısının imzaladığı fərman da buna hesablanıb. “Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılması o deməkdir ki, daha çevik qərarlar qəbul edilməsi mümkün olacaq, mərkəz özünü maliyyələşdirə biləcək. Yəni dövlət turizm sektorunu inkişaf etdirməklə regionların da inkişafında maraqlıdır və yaxın zamanda biz bunun nə dərəcədə effektiv olacağını görəcəyik".