Ömürlük bilet aldı, 33 ildir dünyanı gəzir: Krallar kimi yaşayır

 1990-cı ildə ABŞ-da “bütün uçuşlarda ömürlük uçuş bileti” alan bir şəxs bəlkə də dünyanın ən yaxşı investisiyalarından birini edib. Məlum olub ki, Nyu  - Cersidən olan adam son 33 ildə NASA-nın Aya uçuş məsafəsini təxminən 25 dəfə qət edib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Tom Stuker adlı amerikalı 1990-cı ildə "American United" hava yollarından 290 min dollara “ömürlük bilet” alıb və ümumilikdə 37 milyon kilometrdən çox məsafə qət edib.

100-dən çox ölkəyə uçan Stukerin Aya onlarca dəfə gedib- gəlmək qədər məsafə qət etdiyi bildirilir.

Təkcə 2019-cu ildə 373 dəfə uçuş həyata keçirən Stukerin builki səfərləri  aviaşirkətə iki milyon yarım dollara başa gəlib.

ABŞ mətbuatı 69 yaşlı kişinin qənaət etdiyi milyonlarla uçuş milləri ilə aviaşirkətdən yüz minlərlə dollar hədiyyə aldığını və lüks otellərdə krallar kimi yaşadığını yazıb.

Turan