Moldovada milli matəm elan olunub

İyulun 4-ü Moldovada milli matəm elan olunub.

APA "publika.md" saytına istinadən xəbər verir ki bu barədə ölkə prezidenti Maya Sandu müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, Kişinyov Beynəlxalq Hava Limanında həlak olanların xatirəsini yad etmək üçün iyulun 4-ü ölkədə milli matəm günü elan edilib. Sabah ölkənin bütün ərazilərində, eləcə də Moldova Respublikasının xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endiriləcək.

Eyni zamanda, Prezident Maya Sandu Mühafizə və Dövlət Mühafizə Xidmətinin ehtiyatda olan polkovnik-leytenantı İqor Çiofunun və Sərhəd Polisinin rəis müavini Sergey Munteanunun ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin Ofisindən verilən məlumata görə, sabah saat 12:00-da həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Sabah matəm günü olacağı üçün dövlət orqanlarına, müəssisə və təşkilatlara əyləncəli kütləvi aksiyalar keçirməmək tövsiyə olunub.

Xatırladaq ki, iyunun 30-da Moldovanın paytaxtı Kişinyovdakı aeroportda atışma olub. Türkiyədən Moldovaya gəldiyi təxminən olunan şəxs odlu silahdan atəş açaraq 2 nəfəri qətlə yetirib.