Bunu da bacardı: Robot dövlət orkestrinə dirijorluq edib

Güney Koreyada istehsal edilmiş insana bənzər robot – EveR 6 paytaxt Seulda  dövlət orkestrinə dirijorluq edib. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, EveR 6 android robotdur. Və bu robotu Koreya İndustrial Texnologiya İnstitutu  düzəldib. Robot Koreya Milli Teatrının səhnəsində peşəkar musiqiçilərin yer aldığı dövlət orkestrinin qarşısına çıxaraq dirijor çubuğu ilə onları idarə edib. İnsana bənzər robot səhnəyə çıxarkən öncə tamaşaçılar qarşısında təzim edərək onları salamlayıb. Sonra da konsertin tempini yoxlamaq üçün qollarını hərəkət etdirməyə başlayıb. 


Robot 5 hissədən ibarət konsertin 3 hissəsinə dirijorluq edib. Bir dəfəsində isə maestro Choi Soo-yeoul ilə dirijor pultunu “bölüşüb”.  İnsan maestro  Choi robot dirijor üçün “bir orkestrin dirijoru olmaq üçün hərəkətləri çox dəqiqdir”, deyib. Lakin vurğulayıb ki, robot-dirijorun zəif cəhəti orkestri idarə etməsinə baxmayaraq musiqini dinləyə bilməməsidir. 

Maestro deyib ki, bu vəziyyət robotların insanların yerini tuta biləcəklərini deyil, insanlarla robotların biri-birilərini tamamlaya bildiyini göstərir.  Koreya milli musiqisinin tədqiqatçılarından olan Lee Young-ju isə bildirib ki, ritmi tutmaqda robotun hərəkətləri qüsursuzdur, amma o, orkestri cəm halında və birlikdə çalışdıra bilmək bacarığına sahib deyil. Bəziləri bu fikirdədir ki, robot-maestroya süni intellekt əlavə edilsə, o, musiqini daha yaxşı anlayacaq, analiz edəcək, nəticədə daha da yaxşı dirijorluq edə biləcək.