İrandan çoban “idxalı”: Hakkaridə çoban tapılmır 

 
Türkiyənin Hakkari bölgəsində çobanlıq etməyə adam tapmayan heyvandarlar İrandan çoban dəvət etmək məcburiyyətində qalıb. “İdxal” çobanlara aylıq 20 min TL pul təklif edilir. Üstəlik çobanın gündəlik yemək xərcini də heyvan sahibləri üzərinə götürür. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Hakkariyə çobanlıq etməyə gəlmiş Əli Əhməd Boybeyi kəndində çalışır. “Çobanlıq çətindir, amma ailəmi dolandırmaq üçün çalışmalıyam”, deyən Əli Əhməd sürüyə çobanlıq etməklə yanaşı, heyvanları da özü sağır, süddən kərə yağı, pendir, qatıq da hazırlayır, sağıcı qadınlara yardım edir.     Əli Əhməd İranda iş tapmağın çətin olduğunu söyləyib: 
“Aylıq 20 min TL zəhmət haqqı ödəyilər. Heyvan sürüsünə nəzarət edirəm, 700 kiçik baş heyvan sürüsüdü. Süd də sağıram, süddən yağ çıxarıram, pendir tuturam, qatıq qoyuram. Aldığım pulu ailəmə göndərirəm. İranda iş tapmaq olmur. Ailəm çətinlik çəkir. Buradakı qazancımla ailəmi dolandırıram”. Əli Əhməd 4 ay Hakkaridə qalacaq.  Əl Əhməd türk dilini bilmədiyi üçün yerli sakinlərlə kürd dilində anlaşır. Hakkaridə son illərdə çoban da tapılmır,  qoyunları qırxdırmaq da çətinləşib. Qoyunları qırxdırmaq üçün də kənar bölgələrdən qoyun qırxan dəvət edirlər.