Müsəlman ölkələrinə qadağa tətbiq ediləcək - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri kampaniyası çərçivəsində Ayova ştatında keçirilən mitinqdə çıxış edib.
Bakupost.az xəbər verir ki, Tramp qalib gələrsə, əksəriyyəti müsəlman olan bəzi ölkələrə yenidən səyahət qadağası tətbiq edəcəyini elan edib.
O, prezidentliyi dövründə tətbiq etdiyi səyahət qadağasını daha geniş və güclü şəkildə geri qaytaracağını deyib:
“İnsanların ticarət mərkəzlərimizi havaya uçurmağını istəmirik. Onlar şəhərlərimizi havaya uçurur və əkin sahələrimizi ələ keçirirlər. Biz bunu istəmirik”.
Qeyd edək ki, Tramp 2017-ci ildə prezident seçildikdən 1 həftə sonra- yanvarın 27-də İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası qoyub.
Daha sonra Çad, öhdəliklərini yerinə yetirdiyinə görə siyahıdan çıxarılıb.
ABŞ-ın indiki prezidenti Co Bayden isə vəzifəsinin ilk həftəsində imzaladığı fərmanla Trampın bəzi müsəlman ölkələrinə səyahət qadağasını ləğv edib.