Yerli sakinlərdən kömək istənildi: Təhlükəli məhbus həbsxanadan qaçıb

ABŞ-nin Pensilvaniya ştatındakı "Warren County" həbsxanasından təhlükəli məhbusun qaçdığı xəbəri yayılıb. Sakinlərdən evlərinin təhlükəsizlik kameralarında qeydə alınan görüntülərə baxmaq xahiş olunub.

Sherg.az "CNN"-ə istinadən xəbər verir ki, səlahiyyətlilər məşq avadanlığının üzərinə çıxan məhbusun çarşafları bir-birinə bağlayıb damdan enərək qaçdığını açıqlayıb.

"Warren County" həbsxanasından qaçan məhkum Maykl Çarlz Burhamın təhlükəli olduğu və onun tutulması üçün polisin əməliyyata başladığı  qeyd edilib.

Polis rəsmilərinin bildirdiyinə görə, Burham sonuncu dəfə narıncı və ağ zolaqlı idman kostyumu, cins pencək və başmaq geyinmiş halda görünüb.

"Warren County" Penitensiar Müəssisəsinin sözçüsü Cecile Stelter, polisin K-9 bölmələri ilə axtarışa əlavə olaraq bütün ərazi nəqliyyat vasitələri, dron və təyyarələrdən istifadə etdiyini söyləyib.

Rayon sakinlərindən iyulun 6-sı saat 23:30-dan iyulun 7-si saat 12:30-a kimi evlərinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərə baxmaq, qeyri-adi halla rastlaşdıqda polisə məlumat vermələri xahiş olunub.

Turan