Ukraynanın NATO-ya qəbul olunması qeyri-realdır  - POLİTOLOQ

Rusiya üçün önəmli olan məsələ müharibəni davam etdirmək yox, nəyin bahasına olur-olsun bitirmikdir

İyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək. Ukrayna prezidenti V.Zelenski Alyansa üzv ölkələrdən ölkəsinin bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ rəhbəri Cozef Bayden arasında telefon danışığı zamanı da Ukraynanın NATO-ya üzvlüyü müzakirə olunub. 

“Bild” qəzeti yazıb ki, Zelenski təşkilata üzv olmaqla münaqişənin sona çatmasına ümid edir. Amma bir sıra aparıcı ölkələr, o cümlədən son vaxtlar bu məsələdə eyni mövqedən çıxış edən Almaniya və ABŞ Kiyevin tələblərinə müsbət yanaşmır. Vurğulanır ki, Berlin və Vaşinqton Kiyevin NATO-ya daxil olmasını təxirə salmaqda israrlı olacaq, çünki belə bir addımın Rusiya ilə müharibəyə səbəb ola biləcəyinə inanırlar. Amerika rəhbəri C.Bayden qeyd edib ki, Ukraynanın hərbi alyansa qəbulu üçün öncə “sülh prosesi” başlanmalıdır: "Ukrayna NATO-ya üzv olmağa hazır deyil".  


Mövzunu "Sherg.az"a dəyərləndirən politoloq Natiq Miri deyib ki, Rusiya ilə müharibə şəraitində olan Ukraynanın NATO-ya qəbul olunması qeyri-realdır. Ekspertin sözlərinə görə, bu, NATO-nun nizamnaməsinə uyğun deyil: 

"İndiki halda Kiyevin təşkilata üzv qəbul olunması, hərbi alyansın Rusiya ilə müharibəyə cəlb olunması deməkdir. Savaşın Ukrayna-Rusiya yox, NATO-Rusiya müstəvisinə keçməsidir. Təbii olaraq Qərb ölkələri bunu istəmir. Ukrayna nə qədər döyüşkən və fədakar dövlət olduğunu ortaya qoysa da, idarəetmədə ciddi korrupsiya probleminin olması danılmazdır. Korrupsiya ilə bağlı məsələdə mühüm islahatlara ehtiyac var. Ola bilsin, Vilnüs sammitində bu məsələ gündəmə gətirilsin və Kiyev üzərinə əlavə öhdəliklər qoyulsun. Eyni zamanda sammit çərçivəsində Ukraynaya gələcəkdə NATO üzvü olması üçün xüsusi hərəkət proqramı təqdim oluna bilər. Həmçinin, müharibənin nə qədər uzanmasından asılı olmayaraq, sonadək Ukraynaya dəstək veriləcəyi ilə bəyanat yeniləcək. Bu da çox önəmlidir". 

N.Mirinin qənaətincə, hazırda vəziyyət elə həddə çatıb ki, Rusiya üçün önəmli olan məsələ müharibəni davam etdirmək yox, nəyin bahasına olur-olsun bitirmikdir: 

"Kreml özünün ehtiyat fondunu xərcləyib bitirmək üzrədir. İstənilən bəhanə ilə müharibəni sonlandırmağa ehtiyac duyulur. Qərb dövlətlərinin Kiyevə hərtərəfli yardım göstərməyə davam qərarı almasının özü Rusiyanın bütün gözləntilərinin üzərindən xətt çəkmiş olacaq. Amma konkret üzvlük məsələsi müzakirə mövzusu deyil. Bu, müharibənin tamam başa çatmasından sonra mümkündür. Lakin Ukrayna kimi bir ölkənin NATO-ya üzv olması hərbi alyansın təhlükəsizliyi baxımından çox önəmlidir".