"Taxıl sazişi": Qıtlıq olacaq? - Moskvanın istəkləri...

Kreml bəzi sanksiyaların aradan qaldırılmasını tələb edir

Türkiyə sazişin müddətinin uzadılmasına nail olarsa, beynəlxalq imici daha da güclənəcək

  Taxıl sövdələşməsi ilə bağlı razılaşmalara faktiki xitam verildi, saziş dayandırıldı. Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Rusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə edildikdən sonra sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq: “Əgər Qərb Qara dəniz təşəbbüsünü qiymətləndirirsə, o zaman öhdəliklərini yerinə yetirmək və Rusiya gübrələrini və ərzaqlarını sanksiyalar siyahısından çıxarmaq barədə düşünməlidir”. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya ilə bağlı razılaşmalar həyata keçirilən kimi Moskva dərhal razılaşmaya qayıdacaq. "Taxıl sazişi” çərçivəsində sonuncu gəmi iyulun 16-da səhər tezdən Ukraynanın Odessa limanından çıxıb. Rusiya iyunun 27-dən etibarən yeni gəmiləri qeydiyyata almaqdan imtina edib. BMT baş katib Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putindən razılaşmanın uzadılması təklifi ilə bağlı cavab gözləyir. Moskvadan isə bildirilir ki, Rusiyanın ərzaq və gübrə ixracına maneələrin aradan qaldırılması ilə bağlı öhdəliklər hələ də yerinə yetirilməyib. Qeyd edək ki, Ukrayna və Rusiya dünyanın ən böyük taxıl ixracatçıları sırasındadır. Bir il əvvəl Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan ərzaq ixrac edən gəmilər üçün Qara dənizdə dəhliz açılmışdı. Lakin saziş iyulun 17-də başa çatıb. İl ərzində Rusiya qarşı tərəfi dəfələrlə sazişdən çıxmaqla hədələyib. Moskva müqavilənin uzadılması üçün bir sıra ultimatumlar irəli sürüb. O cümlədən "Rosselxozbank”ın SWIFT sisteminə qoşulması kimi şərtlər qoyub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizinin işinin davam etdirilməsinin zəruriliyini bəyan edib. BMT də "Taxıl sazişi”ni uzatmağa çalışır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri zamanı bildirib ki, "Taxıl sazişi" ilə bağlı Putinlə danışacaq və müddətin uzadılmasını yenidən müzakirə edəcək. Ərdoğan həmçinin taxıl dəhlizinin açılması üçün Putinlə avqustdan əvvəl görüşə biləcəyini də söyləyib. Ukrayna Prezidenti Volodimir Zelenski d' Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını şərh edib. Deyib ki, Qara dəniz dəhlizinin Rusiya olmadan belə istifadəsi üçün hər şey edilməlidir: "Biz qorxmuruq. İri gəmiçilik şirkətləri bizə müraciət ediblər. Onlar bildiriblər ki, əgər Ukrayna icazə versə və Türkiyə yol versə, o zaman hamı taxıl daşınmasını həyata keçirməyə hazırdır”.

  Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, Rusiyanın bu addımı taxılın dünya bazar qiymətini 3 faizdən çox bahalaşdırıb. Deputatın sözlərinə görə, investorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar: "Bununla belə, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur. Bir tərəfdən, qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir. Digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman edilmir".
  
Politoloq Məhəmməd Əsədullazadə isə "Sherg.az"a deyib ki, Rusiyanın "Taxıl sazişi"ndən birtərəfli qaydada çıxması Moskvanın öz tələbləri ilə bağlıdır. Ekspertə görə, Kreml bəzi sanksiyaların aradan qaldırılmasını tələb edir: "Türkiyə "Taxıl sazişi"nin müddətinin uzadılması üçün çalışacaq. Ankara bu prosesdə həddindən artıq qərarlı və israrlı olarsa, Kreml Türkiyənin önünü kəsə bilməz. O baxımdan düşünürəm ki, bir müddət sonra Rusiya "Taxıl sazişi"nə yenidən qoşula bilər. Moskvanın müəyyən istəkləri var və onların Avropa İttifaqı tərəfindən qarşılanmasını istəyir. Ümumiyyətlə, Rusiyanın "Taxıl sazişi"ni öz əlində silah kimi istifadə etməsi qəbuledilməzdir. Çünki həmin gəmilərdəki taxıl Afrikanın kasıb ölkələrinə daşınır. Orada yoxsul, ac insanlara göndərilir. Belə məsələdə Kremlin cığallıq etməsi beynəlxalq müstəvidə Moskvanın imicini də zədələyir".
  M.Əsədullazadənin fikrincə, Türkiyə sazişin müddətinin uzadılmasına nail olarsa, beynəlxalq imici daha da güclənəcək, ölkənin geostrateji önəmi artacaq: ""Taxıl sazişi" Türkiyə üçün də strateji məsələdir. Ona görə də bütün vasitələrdən istifadə etməklə sazişin müddətinin uzadılmasına çalışacaq. Rusiyanın da razılaşmaqdan başqa yolu qalmayacaq".