Erməni Kastoryan islam dinini qəbul edib - İlahiyyatçı

Onun kimi islama gələn ermənilərin sonrakı mövqeyini də diqqətdə saxlamaq lazımdır

  Erməni din xadimi Razmik Kastoryan islam dinini qəbul edib. O, adını dəyişərək özünü “Ramazan” adlandırıb. Həcc ziyarətinə gedən Kastoryan Kəbədə Allaha şəhadət gətirib. Dinini dəyişməsi haqqında danışan Kastoryan deyib ki, islam ona vahid Allaha inanmaq azadlığı verib: "Din şəxsi məsələdir. Çox xoşbəxtəm ki, öz yolumu islamda tapdım". Lakin Kastoryanın bu addımı birmənalı qarşılanmayıb. Ermənilər onu öz inancından imtina etdiyi üçün sərt tənqid ediblər. Kastoryan isə bildirib ki, o, hamının fikrinə hörmətələ yanaşır və ümid edir ki, onun qərarı dinlər arasında konstruktiv dialoqa töhfə olacaq.
İlahiyyatçı Tural İrfan "Sherg.az"a açıqlamasında deyib ki, islam dinini qəbul etmiş erməniyə mənfi münasibət bəsləmək olmaz. Ekspertin sözlərinə görə, islam dinini istənilən dinin və millətin mənsubu qəbul edə bilər: "Ancaq erməninin qəbul etdiyi din İranın qəbul etdiyi "İslam" olmamalıdır. Erməni xisləti qalacaqsa, farsların qondardığı uydurma əqidəyə, siyasi cərəyana xidmət edəcəksə, bu o deməkdir ki, həqiqi müsəlman yox, münafiq olaraq qalacaq. Üzdə islamı qəbul edib, əməldə xristian erməni kimi yox, "müsəlman" erməni kimi təxribat yaradacaq. Bunun üçün də onun kimi islama gələn ermənilərin sonrakı mövqeyini də diqqətdə saxlamaq lazımdır. Əgər islamı qəbul etmiş erməni öz xalqının törətdiyi cinayətlərə qarşı çıxaraq türk düşmənliyini məhəbbətlə əvəz edəcəksə, səmimi müsəlman olacaqsa, onun hərəkəti xoşməramlı qarşılanacaq. Erməni toplumunun mənfi reaksiyası isə təbiidir. İstənilən dini tərk edən şəxslərə hər zaman mənfi münasibət olur. Ələlxüsus, o şəxs keşiş, yəni xristian din xadimi olubsa, ona qarşı təpkilərin böyüklüyü təbiidir".