Səudiyyə Ərəbistanı Fələstinə ilk səfir təyin edib


Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əl-Sudeyri eyni zamanda Fələstinə səfir təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif əl-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib - Fələstin Dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi”, - bəyanatda qeyd edilib.

Bununla Əl-Sudeyri Fələstində Səudiyyə Ərəbistanının maraqlarını təmsil edən ilk diplomat olub. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında reallaşıb.