Ermənistan borc bataqlığında boğulur

Revanşist meyillər isə daha da güclənməkdədir

“Amma İrəvanda nəzərə almalıdırlar ki, revanşizmi hər zaman dağıda biləcək güclü Azərbaycan Ordusu var"

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan ermənilərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını hələ də Ağdam-Xankəndi yolundadır. İçərisində 40 ton un məmulatları olan iki TIR Rusiya sülhməramlılarının postunun qarşısında gözləməkdədir. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilsə də, Ermənistan tərəfi və separatçılar yük maşınlarının bölgəyə girməsinə razılıq vermirlər. Çünki İrəvanın başı silahlanmaya, sülhə zidd bəyanatlar səsləndirməyə və növbəti təxribatlara qarışıb.

Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, Azərbaycan-Ermənistan sərhədində gərginlik qalmaqdadır. Deputatın sözlərinə görə, Ordumuzun mövqelərinin atəşə tutulması halları artır:

"Bütün hallarda bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülməkdədir. Ermənistan baş nazirinin son açıqlaması da bir daha təsdiq edir ki, İrəvan sülhə deyil, müharibəyə daha çox meyillidir. Doqquz gündür ki, 40 ton un Ağdam-Xankəndi yolunda gözlədiyi halda “acından öldüklərini” iddia edən ermənilər silahlanmaqdadırlar. Yeni gərginlik nə siyasi, nə də iqtisadi baxımdan Qafqaz üçün məqbul deyil. Bununla belə, Azərbaycan sülhdə maraqlıdır və istiqamətdəki mövqeyində hər hansı dəyişiklik yoxdur. Təbii ki, istənilən razılaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür.
 Başqa alternativ də yoxdur. Məsələnin digər tərəfi savaşa meyillənən Ermənistanda xarici borclanmanın kəskin artmasıdır. Bu ilin iyul ayında əvvəlki ay ilə müqayisədə xarici borc məbləğinin 300 milyon dollar artdığı Ermənistanın indi 6.7 milyard dollar öhdəliyi var. Ümumi dövlət borcu isə 10 milyard dollardan çoxdur. Dövlət borcunun ÜDM-də payı 60 faizi keçib. 
  
Göründüyü kimi, borc bataqlığında boğulan Ermənistanda revanşist meyillər daha da güclənməkdədir. Amma İrəvanda nəzərə almalıdırlar ki, revanşizmi hər zaman dağıda biləcək güclü Azərbaycan Ordusu var".