Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də Misir səfiri Əmir Süleyman Abdülməcid əl-Hamaminin etimadnaməsini qəbul edib.
Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Administrasiyanın dərc etdiyi şəkillərə əsasən, əl-Hamami qəbula ailəsi ilə birgə gəlib. O, 2019-cu ildən Misirin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Diplomat əvvəllər Misirin Danimarka, Niger, Bolqarıstandakı səfirliklərində və BMT missiyasında işləyib.
Bundan əvvəl Ərdoğan Hindistanda misirli həmkarı Əbdülfəttah əl-Sisi ilə danışıqlar aparıb, Türkiyənin dövlət başçısı iki ölkə arasında mayeləşdirilmiş təbii qaz və nüvə enerjisi sahəsində əməkdaşlığın intensivləşdirilməsinin böyük əhəmiyyətini qeyd edib.
Bildirilib ki, görüş zamanı prezidentlər ikitərəfli əlaqələr, ticarət həcminin artırılması, regional və qlobal məsələləri müzakirə ediblər.
Misir və Türkiyə arasındakı əlaqələrin 10 ildir kəsildiyini deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, bu 10 il göstərdi ki, münasibətlərdəki soyuqluq hər iki ölkəyə faydasız oldu:
"Hətta tərəflər bundan zərərli çıxdılar. Ümumiyyətlə münasibətlərin kəsilməsinə ciddi zəmin olsa da, həll edilməyəcək məsələlər deyildi. Sadəcə o zamankı şərtlər elə formalaşdı ki, istər Ərəb inqilablarının baş verməsi, istərsə də dünyadakı qeyri-müəyyənliyin tam həll edilməməsi fonunda tərəflərin faktiki fikirlərinin olmaması Misir və Türkiyə münasibətlərin 10 il müddətində dondurulmuş müstəvidə davam etməsinə səbəb oldu. Ancaq indi hər iki tərəf yaxşı anlayır ki, dünyada çox ciddi geosiyasi dəyişikliklər gedir. Hətta adət etdiyimiz mövcud dünya düzəni dəyişməkdədir. Dəyişən düzəndə isə çoxmərkəzli bir dünya görəcəyik. Elə Misir və Türkiyə kimi böyük ölkələr də bu çoxqütblü dünyada güc mərkəzi kimi çıxış etmək hədəflərini ortaya qoyurlar. Ona görə də hər iki tərəf yaxşı başa düşür ki, digər ölkələrlə əlaqələri bərpa edərək güclərini artırmaq daha effektivdir. Bu nöqteyi nəzərdən Misir və Türkiyə arasındakı münasibətlərin yenidən bərpasını anlamaq olur".
Ekspert əlavə edib ki, hazırda Afrika uğrunda dünyanın böyük gücləri arasında regional münaqişələr daha da artır:
"Türkiyə və Misir yaxşı anlayırlar ki, regionda söz sahibi ölkə olmaq istəyirlərsə, bir-biri ilə əməkdaşlıq etməlidirlər. Çünki Qərb(ABŞ və tərəfdaşları) və Şərq (Rusiya və Çin) mərkəzlərindən fərqli olaraq Misir və Türkiyənin təkbaşına mübarizə imkanları məhduddur. Ona görə də regiona yaxın dövlətlər olaraq böyük güclərə qarşı ən azından biri-birinə mane olmasınlar. Əlbəttə ki, 10 illik durğunluqdan sonra iki ölkə arasındakı münasibətlərin qısa müddət ərzində düzələcəyini gözləmək olmaz. Ancaq görünür ki, yaxın vaxtlarda ziddiyyətli münasibətlər yerini əməkdaşlıq və tərəfdaşlığa verə bilər".