İsrail-Fələstin böhranı nə ilə nəticələnə bilər? - ŞƏRH 

  "Son vaxtlar Yaxın Şərqdə cərəyan edən proseslər çox gərgin idi, hadisələr mənfi istiqamətdə inkişaf edirdi". Bu barədə "Sherg.az" politoloq İlqar Vəlizadə deyib. Analitikə görə, gərginlik həm İran-İsrail münasibətləri, eyni zamanda İran-ABŞ münasibətlərinin pisləşməsi ilə bağlı idi:

"Həmçinin digər kənar oyunçuların fəallığı da müşahidə olunurdu. İsrailin ərəb ölkələri ilə yaxınlaşması ilə yanaşı, İranın da ərəb ölkələri ilə pozulmuş münasibətlərinin bərpası prosesi gedirdi. Lakin bu proseslər bir-birinə tərs-mütənasib idi. Məsələ ondadır ki, prosesin birinin arxasında, yəni İsrailin ərəb ölkələri ilə yaxınlaşmasının arxasında Amerika Birləşmiş Ştatları, digərinin, İranla ərəb ölkələrinin yaxınlaşmasının arxasında isə Çin dayanırdı. İsrail-Fələstin arasında növbəti münaqişə bu prosesin nəticəsi olaraq yarandı. Nəzərə alaq ki, ABŞ-nin vasitəçiliyi ilə İsraillə Səudiyyə Ərəbistanı arasında danışıqlar gedirdi. İran hesab edirdi ki, əgər İsrail bütün ərəb qonşuları ilə münasibətlərini yaxşılaşdırsa, növbəti hədəf İrana qarşı addımlar olacaq. Ona görə də qarşısını almaq üçün öz proksi qüvvələrini hərəkətə gətirdi və HƏMAS İsrailə hücum etdi, raketlər atmağa başladı. Börhanın daha da dərinləşəcəyi istisna edilmir. İranın məqsədi odur ki, İsrailin müsəlman ölkələri ilə əlaqələri normallaşmasın və pozulsun. Tehran çalışır ki, regionda təklənmiş İsrailin anti-İran planları puça çıxsın. İsrailin isə qayəsi terrorçu qrupları təmizləmək və İranın regiondakı şəbəkəsini ləğv etməkdir".