Anti-Türkiyə əhval-ruhiyyəsi ilə tanınan və ötən ay rüşvət ittihamı açıqlanan senator Bob Menendez indi də xarici dövlətlər üçün agent olmaqda günahlandırılıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda federal prokurorlar tərəfindən mövcud akta əlavə edilən cinayətlə Nyu-Cersi senatoru Menendez və onun erməni əsilli həyat yoldaşı Nadine Arslanyan Misir dövləti və rəsmiləri üçün casusluqda ittiham olunublar.
Qeyd edək ki, keçən ay açıqlanan iddianaməyə görə, Menendez və həyat yoldaşının 2018-ci ildən bəri üç misirli iş adamından 100 min dollar nağd pul, külçə qızıl və idman avtomobilləri kimi hədiyyələr aldığı ortaya çıxıb.
Xatırladaq ki, Menendezin evində Federal Təhqiqat Bürosunun (FTB) axtarışı zamanı müxtəlif yerlərdə gizlədilmiş qızıl külçələr, pullar tapılıb və onların fotoşəkilləri Nyu York Cənub Dairəsinin prokuroru Damian Williams tərəfindən mətbuat konfransında nümayiş etdirilib.
Mənbə: Hürriyət qəzeti